Xəzər Xəbər

Azərbaycanda 10 yeni su anbarı tikiləcək video

Veb TV | 21:24 • 7 Aprel 2021
Azərbaycanda 10 yeni su anbarı tikiləcək

Yaxın vaxtlarda ölkədə 10 su anbarının tikintisinə başlanacaq.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib.

O bildirib ki, son 17 ildə ölkədə heç vaxt su təminatı olmayan 2200 hektar əkin sahəsinə suyun verilməsi təmin edilib. Ümumilikdə, 456 milyon kubmetr tutumu olan su anbarları tikilib, 2991 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Suqaovuşan su anbarının işğaldan azad edilməsi nəticəsində 90 min hektardan artıq ərazinin su təminatı yaxşılaşdırılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdəki hidroqurğularla bağlı araşdırmalar aparılır.

Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı dövlət komissiyası da bu istiqamətdə işlərini davam etdirir. 20 adda kanalın beton üzlüyə alınması və 1 kollektor-drenaj şəbəkəsinin bərpası nəzərdə tutulub. Həmçinin "Bəhramtəpə" hidroqovşağının yenidən qurulması məsələsinə baxılır. Bundan başqa, 10 su anbarının tikintisi ilə bağlı layihələndirmə işləri aparılır və yaxın vaxtlarda anbarların inşasına başlanacaq. "Xudafərin" su anbarının tikintisi də yekunlaşmaq üzrədir. Artıq işlərin 90 faizi icra olunub.

Zakir Quliyev bildirib ki, son illərdə suvarma sistemlərinin qurulması zamanı müasir metodlardan istifadə olunmağa başlayıb.

Bundan sonra da torpaq kanallara beton üzlüklərin çəkilməsinə və suvarmada müasir metodlardan istifadəyə üstünlük veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti