Xəzər Xəbər

Koronavirus analizi götürülmədiyi üçün intihara cəhd etdi video

Veb TV | 19:06 • 7 Aprel 2021
Koronavirus analizi götürülmədiyi üçün intihara cəhd etdi

''Əlvida dostlar, intihar edirəm. Övladım da yetim qalsın. Günahkar da səhiyyə sistemi olsun. Haqqımı hamınıza halal edirəm. Bezmişəm''.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri paytaxt sakini Günel Hakimxocayeva adlı şəxs öz feysbuk səhifəsində ötən gecə paylaşıb.

Onun bu paylaşımından sonra dostları Daxili İşlər Nazirliyinin ''102-xidməti'' nə məlumat veriblər. Polis dərhal onunla bağlı araşdırmalara başlayıb və çox çəkməyib ki, Günel Hakimxocayevanın yaşadığı Nərimanov rayonu, Fətəli Xan Xoyski prospektindəki evinə gəliblər. Qadın qapını açmadığından polis xilasedicilərə məlumat verib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub və intahara cəhdin qarşısı alınıb.

Günel Hakimxocayeva intihara cəhd etməsinə koronavirus infeksiyasının ilkin əlamətlərini özündə hiss etdiyini və həkimlərin ondan analiz götürməməsini səbəb göstərib. Qadın iddia edir ki, özündə bu xəstəliyin ilkin simptomları olduğundan dəfələrlə təcili tibbi yardıma müraciət edib.

Günel Hakimxocayeva deyir ki, hər keçən gün temperaturu qalxır. Himayəsində azyaşlı uşağı olan Bakı sakini getdikcə özünü narahat hiss etməyə başlayıb. Onun sözlərinə görə, özündə bu virusun əlamətləri olduğu üçün iş yerindən test cavabı tələb edilib. Hər bir cəhdi boşa çıxdığından qadın əlacsız qalaraq intihar etmək istəyib.

Qeyd edək ki, polis və xilasedicilər qadını tibb müəssisəsinə aparıb. Orda həkimlər ondan yaxma götürüblər. Hazırda onun həyati təhlükəsi yoxdur. Qadının ittihamlarına cavab olaraq ərazi üzrə 8 saylı poliklinikadan bildirdilər ki, Günel Hakimxocayeva ümumiyyətlə onlara müraciət etməyib.

Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Nuridə Fərzəliyeva da təsdiq edib ki, Günel Hakimxocayeva ötən gün bir dəfə 103-ə temperaturunun olması ilə bağlı məlumat verib. İkinci dəfə isə onun intihar etməsi ilə bağlı əraziyə təcili yardım briqadası çağırılıb.

Nuridə Fərzəliyeva onu da bildirib ki, çağırışlar əvvəlki günlərlə müqayisədə həddindən artıq çoxdur. Ona görə də yüngül xəstəliyi olanlar və temperaturla bağlı müraciət edənlərin ərazi üzrə poliklinikalara getmələri tövsiyə edilir. 103 xidmətinin əməkdaşları pandemiya səbəbindən daha ağır xəstələrə yardım etmək üçün gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti