Xəzər Xəbər

Türkdilli dövlətlər yeni güc mərkəzidir VİDEO

Veb TV | 21:20 • 4 Aprel 2021
Türkdilli dövlətlər yeni güc mərkəzidir

Azərbacanın vətən müharibəsindəki qələbəsi, Türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə münbit şərait yaradır. Millət vəkilləri bildirir ki, Türkdilli dövlətlərin liderlərinin Azərbaycan prezidentini qələbə münasibətilə təbriki əslində böyük güclərə ünvanlanmış məqsədli ismarıc idi.

Pandemiya dönəmində bir sıra ölkələr arasında gərginlik və uzaqlaşmalar olduğu halda türkdilli dövlətlər bir-birinə daha yaxın oldular. Xüsusilə Türkdilli dövlətlərin əməkdaşlıq şurasının dövlət başçıları səviyyəsində zirvə toplantıları bu mənada böyük önəmə sahibdir.

Azərbaycanın 30 ilə yaxındır ki, işğalda olan torpaqlarını 44 gün ərzində azad etməsi türkdilli dövlətlərin əməkdaşlığında həm siyasi, həm də böyük iqtisadi önəmə sahibdir. Siyasi cəhətdən ona görə ki, Azərbaycan 21-ci əsrdə işğal edilmiş ərazilərini hərbi yolla geri qaytaran ilk dövlət olaraq tarixə düşdü və bu ölkənin Türkdilli dövlətlərin sırasında olması birlik ölkələrinin daha sıx birləşməsi üçün  zəmin yaratdı.

Qələbənin iqtisadi əhəmiyyəti isə ondan ibarət oldu ki, Zəngəzur koridorunun açılması ilə ilk dəfə Türkdilli ölkələr üçün birbaşa nəqliyyat zənciri formalaşmış oldu. Millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə təkcə özü üçün deyil, türkdilli dövlətlərin birliyini möhkəmləndirmək üçün də önəmli reallıq yaradıb.

Millət vəkilinin sözlərinə görə, xüsusilə Türkdilli dövlətlərin liderlərinin qələbə münasibətilə Azərbaycan prezidentini təbrik etməsinin çox önəmli siyasi əhəmiyyəti var.

Onu da qeyd edək ki, Türkdilli dövlətlərin videoformatda keçirilən qeyri-formal zirvə görüşündə  daha sıx əməkdaşlıq etmək, bu ölkələrin mədəniyyət, siyasi və iqtisadi sahələrində birgə fəaliyyətin gücləndirilməsinə dair önəmli qərarlar qəbul olunub. Bu isə o deməkdir ki, Türkdilli dövlətlərin əməkdaşlıq Şurası sadəcə dil birliyi olduğu üçün deyil, həm də böyük iqtisadi və siyasi hədəflərə çatmaq üçün təsis edilən önəmli bir güc mərkəzidir.

Xəbər lenti