Xəzər Xəbər

Mina partlayışından zərər çəkənlər vətəndaşları ehtiyatlı olmağa çağırır video

Veb TV | 21:58 • 3 Aprel 2021
Mina partlayışından zərər çəkənlər vətəndaşları ehtiyatlı olmağa çağırır

Vətən müharibəsindən sonra 40-dan artıq mülki şəxs minaya düşüb. Onlardan bəziləri dünyasını dəyişib, qalanları isə ağır xəsarətlər alıblar.

Xezerxeber.az-ın məlumatına görə, işğaldan azad olunmuş rayonların sakinləri 30 ilə yaxındır ki, köçkün düşdükləri torpaqlara getmək üçün tələsirlər. Amma bəzən bu tələskənlik onların həyatı bahasına başa gəlir. Bəzi sakinlər isə laqeydliyinin güdazına gedir. Tərtərin Borsunlu kənd sakini, 45 yaşlı Niyaməddin Verdiyev kimi.

Niyaməddin bu il fevralın 22-də işğaldan azad edilmiş ərazidə heyvan otararkən Ermənistan ordusunun basdırdığı piyada əleyhinə minaya düşüb.

Həmin vaxt Niyaməddin Verdiyevin sağ ayağı amputasiya edilib.

Ağdamda məskunlaşmış Hüseynovlar ailəsi də mina partlayışından zərər çəkənlərdəndir. Rayonun Əfətli kəndində yaşayan ailə sonuncu çərşənbə günündə işğaldan azad edilmiş Yusifcanlı kəndində doğmalarının məzarını ziyarət etməyə gediblər. Qəbiristanlığa icazəsiz gedən bir ailənin  4 üzvü və 1 nəfər qonşu minaya düşüb. Nəticədə 2 qardaş dünyasını dəyişib, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisədən sonra bir ayağı amputasiya edilən Anar Hüseynov hazırda Ağcabədi  Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Zərərçəkənlər işğaldan azad edilmiş ərazilərin təhlükəli olduğunu deyir və vətəndaşları həmin bölgələrə icazəsiz səfər etməməyə çağırırlar.

Qeyd edək ki, Vətən müharibəsindən sonra 40-dan artıq mülki şəxs minaya düşüb. Onlardan bəziləri dünyasını dəyişib, qalanları isə ağır xəsarətlər alıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti