Xəzər Xəbər

Bu ağaclar niyə quruyub? VİDEO

Veb TV | 21:43 • 2 Aprel 2021
Bu ağaclar niyə quruyub?

Paytaxtın Nərimanov rayonundakı Atatürk parkında bəzi çoxillik ağaclar quruyub. Vətəndaşlar bunun yanlış budamanın nəticəsi olduğunu düşünürlər. Ancaq Yaşıllaşdırma Təsərrüfatı Birliyindən deyiblər ki, səbəb ağacların yaşlanmasıdır.

Parkdakı ağacların bəziləri quruyub, bəziləri isə ötənilki kimi qollu-budaqlı deyil.

Paytaxtın Atatürk parkındakı ağacların bir hissəsi son budanmadan sonra bu vəziyyətdədir.

Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, budanma mütəxəssislər tərəfindən baxış keçirildikdən sonra aparılır. Birliyin baş mühəndisi Cavanşir Məmmədovun sözlərinə görə, proses əsasən payız və qış mövsümlərində ağacların sükunət dövründə həyata keçirilir. Ömrü 35-40 il olan ağaclarda isə içdən çürümə başlayır. Ona görə də yaşını tamamlamış ağacları xilas etmək mümkün olmur. Budandıqdan bir müddət sonra quruyurlar.

Birliyin rəsmisi budanma işləri aparıldıqdan sonra yararsız olan ağacların yerinə yenilərinin əkildiyini deyib. Budanmaya yararsız ağaclar isə yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsinin rəyinə əsasən kəsilir. Bununla belə, vətəndaşlar hər hansı ərazidə ağacların qanunsuz şəkildə kəsildiyinin şahidi olarlarsa, mütləq Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etməlidirlər.

 

Xəbər lenti