Xəzər Xəbər

Ombudsman hesabatında problemli sahələrə diqqət çəkdi VİDEO

Veb TV | 21:32 • 2 Aprel 2021
Ombudsman hesabatında problemli sahələrə diqqət çəkdi

Əlilliyin təyin edilməsi ilə bağlı ciddi nöqsanlar var. Bu, Ombudsman Səbinə Əliyevanın bu gün Milli Məclisdəki hesabat çıxışında yer alıb. İnsan Hüquqları üzrə Müvəkkil pulsuz dərman almalı olan imtiyazlı təbəqənin bu dərmanları əldə etməsinə nəzarətin gücləndirilməsini də təklif edib. "Veteranlar haqqında" qanuna təklif edilən dəyişiklikdə isə müharibə veteranlarının reyestrinin yaradılması təklifi birinci oxunuşda qəbul olunub. 

Sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların, eləcə də 5-dən çox uşağı olan anaların aldığı müavinət, borc, kreditlərin onların ailə üzvlərinin aldığı cari transfertlər siyahısından çıxarılmasına ehtiyac var. Bu, ünvanlı sosial yardımı onlar üçün daha əlçatan edəcək. Bu təklifi bu gün Milli Məclisdə hesabatla çıxış edən Ombudsman Səbinə Əliyeva səsləndirib. 

İnsan Hüquqları üzrə müvəkkil ən çox qeydə alınan şikayətlərin əlilliyin təyin edilməsi ilə bağlı olduğunu vurğulayıb. Səbinə Əliyeva pulsuz dərman alan imtiyazlı təbəqənin onları əldə etməsində ciddi çətinliklərlə üz-üzə qaldığını və özəl tibb müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Ombudsman onlayn dərslərlə bağlı məsələyə də diqqət çəkib.

Ombudsmanın məruzəsinə münasibət bildirən millət vəkili Əli Məsimli deyib ki, ünvanlı sosial yardımın təyin edilməsi zamanı bir çox hallarda aidiyyatı qurumlar bölgələrdə torpaq sahələri olan ailələrə müxtəlif bəhanələr gətirərək bu yardımı verməkdən imtina edirlər. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə aliment fondlarının yaradılması ilə bağlı təklifi dəstəklədiyini bildirib. Onun sözlərinə görə, belə fondların olması aliment ödənişindən yayınan şəxslərin övladlarının maddi təminatında önəmli rol oynayacaq.

Müzakirələrdən sonra Ombudsmanın hesabatı qəbul edilib. Milli Məclisdə "veteranlar haqqında" qanuna dəyişiklik edilməsi barədə məsələ də müzakirə edilib.  Dəyişikliyə əsasən, müharibə veteranlarının reyestri yaradılacaq. Bununla da müharibə veteranları ilə bağlı bütün məlumatlar vahid elektron bazada toplanacaq.

Deputat Sahib Aliyev isə bildirib ki, müharibə veteranlarının və qazilərin dərman pulu ödənməlidir. Onun sözlərinə görə, hələ bir çox qazi əlillik dərəcəsi ala bilməyib. Buna görə də onlara hansısa müavinət və yardım verilmir. Belə olan halda onların dərman pulunun ödənməsi vacibdir.

Aparılan müzakirələrdə Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilməsi də müzakirəyə çıxarılıb. Belə artıq bu məlumatlar elektron olduğuna görə kart daşıyıcısında onun tələb edilməsinə ehtiyac qalmır. Təklif səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Xəbər lenti