Xəzər Xəbər

"Əjdaha" ləqəbli şəhid kəşfiyyatçımızın keçdiyi döyüş yolu VİDEO

Veb TV | 21:23 • 1 Aprel 2021
"Əjdaha" ləqəbli şəhid kəşfiyyatçımızın keçdiyi döyüş yolu

Sizə daha bir qəhrəman şəhidimizi tanıdacağıq. Söhbət Ağstafa sakini, xüsüsi təyinatlı qüvvələrin giziri Rüfət Məmmədlidən gedir. Snayperimiz həm 2016-ci il aprel döyüşlərində, həm də ötən il baş vermiş Tovuz döyüşlərində və 44 günlük vətən müharibəsində iştirak edərək yüksək rütbəli erməni zabitlərini məhv edib. Şuşa uğrunda gedən son döyüşlər zamanı şəhid olan Rüfət Məmmədli ölümündən sonra 4 medalla təltif edilib. 


Bu, Vətən Müharibəsi qəhrəmanlarından biri, düşmənin kabusuna çevrilən snayper şəhid Rüfət Məmmədlinin bacısına göndərdiyi sonuncu səsdir.

1993-cü ildə Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gələn Rüfət 2012-2013-cü illərdə N saylı hərbi hissədə xidmət aparıb. 2014-cü ildə isə yenidən ordu sıralarına qayıdaraq əvvəlcə MAXE, daha sonra gizir kimi Vətənə xidmət edib, kəşfiyyatçı ixtisası üzrə tam kurs keçib. 2016-cı ilin aprel döyüşlərində erməni ordusunun yüksək rütbəli hərbçilərini məhv edən Rüfət, ötən ilin iyulunda baş vermiş Tovuz döyüşlərində də düşmənə qənim kəsilib. Göstədirdiyi şücaətə görə kiçik gizir Rüfət Məmmədliyə gizir rütbəsi verilib. 

Xüsusi Təyinatlı Qüvvələrin snayperi olan Rüfət Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə böyük qəhrəmalıqlar göstərib.

Rüfət Məmmədli təlimlərdən birində ona şəxsi saatını hədiyyə edən şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qisasını almaq arzusu ilə alışıb-yanırmış. Şəhid snayperimiz Vətən müharibəsində də erməni zabitlərini məhv edərək ''generalımın qisasını aldım'' deyə döyüş yoldaşlarına bildirib.

Rüfət Məmmədli sonuncu arzusu ilə bağlı xalası oğluna mesaj yazıb. Yaralı halda yazdığı ismarıcda "Şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin"-deyə istəyini ifadə edib. Şuşanın azadlığı uğurunda gedən son döyüşdə şəhidlik zirvəsinə ucalıb. 

Rüfətin aruzusunu isə onun həm yaşıdları, Saloğlu kəndinin sakinləri çin ediblər. Şəhidimizin adına olan bulaqda son tamamlanma işləri gedir. Rüfət Məmmədli vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" və  "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Xəbər lenti