Xəzər Xəbər

Şəki sakini əlillərə olan güzəştdən niyə istifadə edə bilmir? VİDEO

Veb TV | 22:15 • 1 Aprel 2021
Şəki sakini əlillərə olan güzəştdən niyə istifadə edə bilmir?

Şəki sakini Telman Mahmudov həqiqi hərbi xidmət zamanı xəstələnib və əmək qabiliyyətini itirib. Hərbi hissədən ayrıldıqdan sonra məhkəməyə, DSMF-yə, Müdafiə Nazirliyinin mərkəzi həkim komissiyasına müraciət edərək əlillik haqda sənədlərini alıb. Amma hərbi biletində onun əlilliyinə dair müvafiq qeydlər olmadığı üçün o, əlillərə olan güzəşt və sığortadan istifadə edə bilmir. Bu barədə uzun müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə müraciət etsə də, istəyinə nail ola bilmir.

35 yaşlı Şəki rayon sakini Telman Mahmudov 2005-ci ildə  hərbi xidmətə yollanıb. Qaradağ rayonu Cüzdək qəsəbəsində N saylı hərbi hissədə qulluq edib. Qulluq edən zaman xəsarət alıb və ağır cərrahi əməliyyat keçirib. Bundan sonra bir neçə hospitalda müalicə olunaraq xidməti başa vurub. Xidmətdən qayıtdıqdan sonra məhdud fiziki imkanları ucbatından əmək fəaliyyəti ilə məşğul ola bilməyib. Məhkəməyə müraciət edib. Şəki Rayon İnzibatı İqtisadi Məhkəməsinin qərarı ilə ona 2-ci dərəcəli əlillik təyin edilib və bu haqda Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyası da qərar verib. Lakin hərbi biletində onun əlilliyinə dair müvafiq qeydlər olmadığı üçün o, əlillərə olan güzəştdən istifadə edə bilməməklə yanaşı, 6600 manatlıq sığorta pulunu da ala bilmir.

Telman Mamudov deyir ki, 3 ildir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinə müraciət etsə də, problem həllini tapmır. Üstəlik, ailəli və iki uşağı olan Telmanın övladlarından biri - 5 yaşlı Könül Mahmudovanın da anadangəlmə ürək qüsuru var. Həyat yoldaşı Nəzakət Mahmudova da ikinci qrup əlildir.

Sözügedən məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi ilə əlaqə saxladıq. Məsələ ilə bağlı məlumatlı olduqlarını və Telman Mahmudova müvafiq tövsiyələr verildiyi bildirildi. Belə ki, vətəndaşın hərbi biletində müvafiq dəyişikliyin aparılması üçün o, Müdafiə Nazirliyinə müraciət etməlidir. Çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin hər hansı rayon şöbəsinin belə bir səlahiyyəti yoxdur.


  

Xəbər lenti