Xəzər Xəbər

Azərbaycan Türk Birliyinə önəmli töhfə verir  VİDEO

Veb TV | 22:33 • 31 Mart 2021
Azərbaycan Türk Birliyinə önəmli töhfə verir 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün keçirilən qeyri-rəsmi zirvə görüşü pandemiya dönəmində bir sıra təşkilat və birliklər arasında əlaqələr zəifləyərkən türkdilli ölkələrin bir-birləri ilə daha möhkəm əlaqələr yaratdığını göstərir. Siyasi müşahidəçilər bildirirlər ki, Azərbaycanın bu təşkilatdakı rolu xüsusi əhəmiyyət kəsb edir.


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün videokonfrans vasitəsiə keçirilən qeyri-rəsmi Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da güclənməsinin bariz nümunəsidir. 

Bakıda keçirilmiş VII Zirvə Görüşü, COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə Zirvə Görüşündən sonra Azərbaycanın sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən 3-cü görüşdür. 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVİD-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir idi.

Millət vəkili Ramil Həsən bildirir ki, zirvə görüşündə Rəcəb Tayyip Ərdoğanın Şuşaya səfər etməsini açıq şəkildə ifadə etməsi Azərbaycan, eləcə də region üçün önəmli əhəmiyyətə malikdir.

Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. "Zəngəzur dəhlizi"ndən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq. Onu da qeyd edək ki, Azərbaycan Türkiyədən Mərkəzi Asiyaya və əks istiqamətdə beynəlxalq yükdaşımaların pandemiya dövründə fasiləsiz həyata keçirilməsi üçün bütün zəruri tədbirləri görüb. Təkcə 2020-ci ildə türkdilli ölkələrdən və əks istiqamətdə qeyri-neft sektoru üzrə 2.3 milyon tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb. Bu da 2019-cu il ilə müqayisədə 800 min ton və ya 52% çoxdur. 

Deputat Ramil Həsən bildirir ki, türkdilli dövlətlərin qeyri-formal zirvə görüşündə Azərbaycan və Türkiyə prezidentlərinin çıxışı bir daha göstərdi ki, hər iki ölkənin apardığı siyasət həm bölgədə, həm də regionda ancaq sülh və sabitliyə hesablanıb.

Üzv dövlətlər də Vətən müharibəsində Azərbaycan ərazilərinin hərbi işğaldan azad edilməsini təqdir edib və Ermənistan-Azərbaycan münaqişəsinin sona yetməsini alqışlayıblar.

 

Xəbər lenti