Xəzər Xəbər

Həyatla ölümü bu xəbərdarlıq lentləri ayırır VİDEO

Veb TV | 22:16 • 31 Mart 2021
Həyatla ölümü bu xəbərdarlıq lentləri ayırır

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sürətli şəkildə aparılır. Lakin Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi işi çətinləşidirir. Üstəlik müdafiə sahələri ilə yanaşı qəbiristanlıqların, tarixi abidələrin, yaşayış məntəqələrinin də bilərəkdən minalanması ciddi təhlükə yaradır. Bir sözlə işğaldan azad olunmuş ərazilərin hər yerində mina təhlükəsi var.

Həyatla ölümü bu xəbərdarlıq lentləri ayırır. Ani bir səhv illərlə bu işlə məşğul olanı da, ehtiyatsızlıqdan toxunanı da bağışlamır. 

İşğaldan azad olunmuş ərazilərin minalanmış sahələrində hər gün işlər bu cür gərgin formada həyata keçirilir. Görüntülər Füzuli rayonunun Alxanlı kəndində çəkilib.  Təlim görmüş itlərlə minaların yerləri müəyyən edilir, mina axtaranlar xüsusi aparatlarla ənənəvi qaydada işləyir və məsafədən idarə edilən texnikalar digər sahələrdə olan minaları zərərsizləşdirir.

Bəzi ərazilərdə minalar o qədər çoxdur ki, yağan yağışlardan sonra göbələk kimi açıq aşkar üzə çıxıb. Ermənilər müdafiə xətlərinin önündə, öz postlarının arxalarında ağıla gələ biləcək və bilinməyəcək hər yeri minalayıblar. 

Yeri müəyyən edilən mina sahələri ilə yanaşı ermənilərin tələ kimi qurduğu minalar da az deyil. Konkret olaraq sıravi vətəndaşların həlak olması üçün planlanan bu minalar xüsusi ilə evlərdə və qəbiristanlıqlarda basdırılıb.

Bütün bu çətinliklərə baxmayaraq mina təmizləmə işləri sürətlə davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin indiyə qədər təxminən 3 milyon 600 min kvadrat metrdən çox ərazisi təmizlənib. Həmin ərazilərdə 2 mindən çox tank əleyhinə, 4 mindən çox piyada əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib. Şuşa yolunun inşası üçün təmizləmə işləri də sürətlə aparılır.

Mədət Məmmədov erməni tərəfinin minalanmış ərazilərin xəritəsinin Azərbaycana verməməsinə də toxunub. Bildirib ki, buna görə mina sahələrini aşkar etməkdə çətinlik çəkilir.

 

Xəbər lenti