Xəzər Xəbər

Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO

Veb TV | 19:34 • 31 Mart 2021
Qubada soyqırımı qurbanlarının xatirəsi anılıb

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və dəhşətli qırğınlar həyata keçiriblər. Onlardan biri də 20-ci əsrin əvvələrinə təsadüf edir. 1918-ci ilin mart ayında törədilmiş soyqırımından 103 il keçir. Minlərlə azərbaycanlının qətlə yetirildiyi Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib. 

Ermənilərin xalqımıza qarşı törətdiyi mart soyqırımından 103 il keçir. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

Ermənilər tərəfindən 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə soyqırımı törədilib. Etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı törədilmiş qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksütyun partiyasının 4000 əsgəri iştirak edib

Təkcə 3 gün ərzində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Şəhər əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə edilib. On minlərlə insan itkin düşüb. 

Qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 min azərbaycanlı amansızlıqla qətlə yetirilib. Lənkəran qəzasında 2 min insan öldürülüb. Qubanın 162 kəndində isə öldürülən dinc sakinlərin sayı 16 mindən artıq olub. 

Sovet hakimiyyəti dövründə xalqın qan yaddaşını silmək üçün aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı. Ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə mart soyqırımına siyasi-hüquqi qiymət verildi. 

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı Sərəncama əsasən, mart soyqırımının 100 illiyi ilə bağlı təkcə ölkəmizdə deyil, dünyanın bir çox guşələrində anım tədbirləri keçirilib. Erməni-bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.

Mart soyqırımının 103-cü ildönümü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb.

Mədəniyyət naziri Anar Kərimov və digər rəsmilər Memorial Kompleksdə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Xəbər lenti