Xəzər Xəbər

Almaniyalı deputatlar niyə təqib olunur? VİDEO

Veb TV | 20:36 • 30 Mart 2021
Almaniyalı deputatlar niyə təqib olunur?

Almaniya mediasında Azərbaycanla bağlı qərəzli materiallar yayılmaqda davam edir. Bunun xüsusilə vətən müharibəsindəki qələbədən sonraya təsadüf etməsi heç də təəccüblü görünmür. Bu ölkənin xüsusi canfəşanlıqla Dağlıq Qarabağda mövcud olmayan erməni irsinin müdafiəçisinə çevrilməsi ciddi suallar yaradır. Araşdırma nəticəsində ortaya çıxan faktlar sizə də maraqlı gələcək.

Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi və Ermənistana ağır zərbələr vurması ilə barışmayan Almaniyada media Azərbaycana qarşı planlaşdırılmış şəkildə məqalələr tirajlamağa başlayıb. Belə ki, yayımlanan məqalələrdən birində göstərilir ki, Almaniyada bəzi dairələr erməni separatçılarının guya Azərbaycanın işğaldan azad etdiyi yerlərdəki mədəni irsini qorumaq üçün elmi müzakirələr keçirirlər.

Yazıda sanki Ermənilərin işğaldan azad edilmiş ərazilərdə böyük irsi qalıbmış kimi danışılır və dünyaya bu mədəni abidələrin qorunması üçün çağırış edilir. Təkcə bu məqalədən aydın görünür ki, Almaniya hakim dairələri yüzlərlə yaşayış məskənini yer üzündən vəhşicəsinə silən Erməni vandalizmini görməzdən gələrək zülmün, təcavüzkarın yanında olduğunu bütün dünyaya nümayiş etdirir. Həmin məqalədə ermənilər tərəfindən yer üzündən silinən Azərbaycan şəhərləri barədə isə heç bir məlumat verilmir. Bu məqamda Azərbaycandakı almaniyalı diplomatların işğaldan azad edilən ərazilərə təşkil edilən səfərlərdən imtina etməsinin səbəbi daha aydın görünür.

Başqa bir məqalədə isə Azərbaycana səfər edən, hansısa rəsmi görüşlərdə iştirak edərək həqiqətləri olduğu kimi çatdırmağa çalışan almaniyalı parlamentarilər Aksel Fişer və Mark Hauptman barəsində geniş istintaq başladılmasından danışılır. Maraqlısı budur ki, Azərbaycanın qələbəsi Almaniya üçün o qədər həzmolunmaz olub ki, hər zaman hüququn aliliyi ilə öyünən bu ölkədə Azərbaycana dair müsbət fikri olan hər kəs, hətta deputat olsa belə ciddi təqiblərə məruz qalmağa başlayıb. Bu isə əslində fikir azadlığı kimi beynəlxalq hüququn əsas prinsiplərindən birinin kobud şəkildə pozulmasıdır.

Qarabağda dırnağarası erməni mədəni irsinə hamilik etməyə çalışan Almaniya hələ də Avropada islamafobiya, antisemitizm və türklərə qarşı cinayətlərin ən çox qeydə alındığı ölkə olaraq qalmağa davam edir.

Human Rights Watch beynəlxalq təşkilatının ötən ilki hesabatına görə Almaniyada 2020-ci ildə radikal qrupların törətdiyi cinayətlərin sayı 2019-cu illə müqayisədə 700 cinayət artaraq 9305-ə yüksəlib. Bunlardan 876 cinayət yəhudilərə qarşı törədilib. 463 islam əleyhinə cinayət baş verib və məscidlərə isə 33 hücum qeydə alınıb. Maraqlısı budur ki, məscidlərə edilən hücumla bağlı heç kim mühakimə olunmayıb. 

2017-2020-ci illər arasında ilk dəfə Almaniyada irqçi davranışlarına görə 350 polis barəsində araşdırma başladılıb. Human Rights Watch təşkilatının yayımladığı bu rəqəmlər göstərir ki, öz ölkəsində konstitusiyanın tələbi və insan hüquqlarının əsasını təşkil edən irqi-dini ayrıseçkiliyin qarşısını ala bilməyən Almaniya Dağlıq Qarabağda mövcud olmayan erməni mədəni irsinin alovlu müdafiəçisinə çevrilib.

Bütün bu faktlar onu göstərir ki, Almaniyada Azərbaycana qarşı aparılan kampaniya bu ölkənin olaylara ikili standartlar konteksindən yanaşmasından irəli gəlir. Elə vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edən və qaçqınların, məcburi köçkünlərin yurdlarına dönməsinə şərait yaradan Azərbaycan da məhz bu ikili standartlara görə hədəf seçilib. Ancaq böyük qələbə bir daha onu göstərdi ki, Azərbaycan hansısa təzyiqlə əzilən yox, reallıqları özü yaradan bir ölkədir.

 

 

Xəbər lenti