Xəzər Xəbər

Süveyş kanalının bağlanması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb video

Veb TV | 22:17 • 28 Mart 2021
Süveyş kanalının bağlanması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini artırıb

Dörd gün əvvəl  "Ever Given" adlı gəminin Asiyadan Avropaya yük daşıyarkən Süveyş kanalında ilişib qalması bu istiqamətdə dəniz vasitəsilə yükdaşımaların tam dayanmasına səbəb olub. Araşdırmalara görə, hadisə yük sahibi olan ölkələrlə birlikdə dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurub. Problem aradan qaldırılmasa bu rəqəm daha da arta bilər. 

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, Asiyadan-Avropaya yüklərin daşınması üçün alternativ Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi mövcuddur.  Yaponiya, Çin, İndoneziya, Hindistan və digər iri dövlətlər bu dəhlizdən istifadə edə bilərlər.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi artıq iki ildir ki, istismara verilib. Lakin yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Proses yekunlaşdıqdan sonra Asiyadan yüklənən gəmilər Hind okeanından Süveyş kanalı vasitəsilə deyil, İranın Oman dənizindəki Çabahar və Fars körfəzindəki Bəndər Abbas limanları vasitəsilə Avropaya daşına bilər.

Vüqar Bayramov vurğulayıb ki, bu, Azərbaycanın tranzit ölkə kimi rolunu daha da gücləndirəcək. 

Hesablamalara görə, Asiyadan Avropaya yüklər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınsa, 15 günə mənzil başına çatdırılacaq. Eyni zamanda, nəqliyyat xərcləri azalır və yüklərin təhlükəsizliyi təmin olunur. Süveyş kanalı ilə isə yüklərin təyinat nöqtəsinə çatdırılması 20 gündən artıq müddətə mümkün olur. 

Qeyd edək ki, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Əfqanıstan, Azərbaycan, Rusiya, Ermənistan, Orta Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 km uzunluğundakı multimodal gəmi, dəmir yolu və avtomobil yolları şəbəkəsidir. Dəhliz haqqında razılaşmanın birinci aktı 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar