Xəzər Xəbər

Karantin qaydalarına yenidən baxıla bilər video

Veb TV | 19:59 • 27 Mart 2021
Karantin qaydalarına yenidən baxıla bilər

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hər gün karantin qaydalarını pozanlara rast gəlinir. Bəzi insanlar virus təhlükəsinin davam etdiyi vaxtda öz əyləncələrindən qalmırlar.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzda çay evlərinin birində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması faktları aşkarlanıb.

Masallıda isə COVID-19 xəstəsi yaşayış yerini tərk edib. Masallı şəhər sakini Müşviq Bədəlbəyliyə COVID-19  infeksiyası testinin nəticəsi pozitiv çıxdığına görə ev şəraitində müalicə təyin edilib. Amma sözügedən şəxs digər vətəndaşları yoluxdurmaq riskini nəzərə almayaraq yaşayış yerini tərk edib. Polis əməkdaşları tibbi prosedurlar gözlənilməklə onu yaşadığı ünvana qaytarıblar. Dünən ümumilikdə ölkə ərazisində 4 bənzər fakt aşkar edilib.

Bütün bunlar isə ölkəmizdə koronovirusa yoluxanların sayının artmasına səbəb olur. Yoluxanların sayının bir neçə gündür ki, 1400-dən çox olması vəziyyətin gərgin olmasından xəbər verir.

Millət vəkili Rəşad Mahmudov bildirib ki, vəziyyət belə davam edərsə karantin qaydalarına yenidən baxıla bilər.

Millət vəkili Rüfət Quliyev də düşünür ki, yoluxma dinamikası yüksələrsə karantin qaydaları sərtləşdirilə bilər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, dünya ölkələrində olduğu kimi, ölkəmizdə də virusun mutasiyaya uğramış ştammına rast gəlinib. Ona görə də daha diqqətli olmaq lazımdır. O, bu məsələdə vaksinasiyanın əhəmiyyətinə diqqət çəkib.

Professor vurğulayıb ki, virusa qalib gəlmək üçün mütləq karantin qaydalarına əməl edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti