Xəzər Xəbər

Yol polisi sürücüdən rüşvət alıb? - DİN açıqlama verdi video

Veb TV | 20:25 • 27 Mart 2021
Yol polisi sürücüdən rüşvət alıb? - DİN açıqlama verdi

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şəmkirdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı video yayılıb. Görüntünü lentə alan şəxs iddia edib ki, sürücü yol hərəkəti qaydasını pozduğuna görə polis əməkdaşına pul verir. Daxili İşlər Nazirliyi sözügedən görüntü ilə bağlı araşdırma aparıb. Nazirlik rüşvət iddialarının əsassız olduğunu bildirib.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan videogörüntü araşdırılıb.

Məlum olub ki, martın 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbilə saxlanıb. Sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilib. Sürücü isə daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğunu bildirib.

Sürücüyə yükün çəkisinin deyil, qabaritinin normadan böyük olduğu bildirilib və o, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi üzrə 40 manat miqdarında cərimə edilib. Sürücü yol polisinə rüşvət vermədiyini bildirib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev də məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, polisin Şəmkir rayonunda yük avtomobilinin sürücüsündən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti