Xəzər Xəbər

Pul qarışılığında biznes vizası və ov istirahəti təşkil edilir? - Ərəblərin ov macəralarının təfərrüatı video

Veb TV | 20:54 • 26 Mart 2021
Pul qarışılığında biznes vizası və ov istirahəti təşkil edilir? - Ərəblərin ov macəralarının təfərrüatı

Hər il Azərbaycanda yüzlərlə insan qanunsuz ov etdiyinə görə cərimə edilir, silahları müsadirə olunmaqla inzibati və yaxud cinayət məsuliyyətinə cəlb olunur. Bir çox hallarda isə qanunsuz ovla məşğul olan şəxslərlə bağlı görülən tədbirlər barəsində ictimaiyyətə geniş məlumat verilir.

Mart ayının 20-dən etibarən Azərbaycanın müxtəlif yasaqlıqlarında qanunsuz ovla məşğul olan ərəb turistlərlə bağlı isə indiyə qədər mətbuatda yüzlərlə məlumat olsa da, cərimələnən iki nəfər var. Cavabsız qalan suallar isə çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, hər kəsi ilkin olaraq maraqlandıran  ərəb turistlərin pandemiya dövründə Azərbaycana necə gəlməsi və onların bura gəlişini kimlərin təşkil etməsidir.

Araşdırmalar zamanı məlum olur ki, hələ 2015-ci ildən ərəb ölkələrindən olan turistlərin ov səfərlərini təşkil edən 10-dan çox  turizm şirkəti var. Qarşılama, yola salma, nəqliyat, gecələmə kimi xidmətlərlə yanaşı ov icazəsi və digər prosedurları da bu şirkətlər həyata keçirir. Əvvəllər viza rejimi sadə olduğundan bu xidmətlərdən bir çox insan rahat yararlana bilirdi. İndi də biznes vizası ala bilən turist istənilən vaxt ölkəyə giriş edə bilir.

Qiymətlər təklif olunan avtomobil və digər xidmətlərə görə dəyişir. Məsələn, bir nəfərin ov xərci ortalama 2500 dollardır. Turistlərin özləri ilə gətirdiyi ov quşlarına görə isə əlavə 500 dollar ödəniş tələb olunması ilə bağlı məlumatlar da var. Lakin son proseslərdən sonra şirkətlər bu xidmətləri göstərməyə çəkinirlər...

Təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilər yasaqlıqlar sayılır. Yasaqlıqlar icarəyə verildikdə belə icarədarın qarşısına  bir sıra şərtlər qoyulur. Ərəb turistlərin ov həyata keçirdiyi Qax Dövlət Yasaqlığında nəinki ov etməyə, silahla gəzməyə belə qanunla icazə yoxdur...

Ərəblər istifadə etdiyi silahların da ölkəyə necə gətirilməsi və istifadəsi də müzakirə olunan məsələlərdəndir. Mövcud qanunvericiliyə əsasən əcnəbi şəxslərin ölkədə ov etməsi xüsusi icazə ilə öz gətirdikləri silahları müvafiq qurumlardan qeydiyyatdan keçirməklə mümkündür. Ölkədə əldə edilən silah da heç bir halda ov zamanı istifadə edilə bilməz.

Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfovin sözlərinə görə, ov mövsümi  bağlı olduğu müddətdə bu tipli icazələr verilmir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq icazə üçün müraciət də edilməyib. Demək, turistlər ovda istifadə etdiyi silahları qanunsuz əldə edib və ya başqsının silahından istifadə olunub...

Qax Dövlət Yasaqlığında bu gün sakitlikdir. Bir aya yaxındır ki, bağlanan ov mövsümünün  nəhayət ki, Qax yasaqlığı üçün də bitdiyi görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi nazirliyin səlahiyyətləri xaricindədir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, ərəb turistlərin yasaqlıq ərazisində ov etməsi faktı təsdiqlənib.  Lakin yayılan görüntülərin bir hissəsi həmin yasaqlıq ərazisində lentə alınıb. Həmin şəxslər artıq əraziyə buraxılmayacaq.

Eko-aktivist Cavid Qara isə ərəb turistlərin təbiətə vurduğu zərərin daha çox olduğunu və düzgün hesablanmadığını deyir.

Qeyd edək ki, qanunvericiliyə əsasən, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, qadağan edilmiş alət və üsullarla ovetmə 1000 manatdan 2000 manatadək cərimə və ya 1 ilədək islah işləri, yaxud 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2020-ci ildə 10 nəfər turistin  ov qaydalarını pozduğu üçün Azərbaycandan deportasiya edilməsi ilə bağlı müvafiq qurumlara müraciət edib. Son məlumatlara görə isə, ov qaydaları ilə yanaşı karantin rejiminin qaydalarını pozan ərəb turistlər isə Şəki ərazisində isirahət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti