Xəzər Xəbər

Azərbaycanda ərəblərin qanunsuz ov macərası - Onların yasaqlığa daxil olmasına kim icazə verir? video

Veb TV | 21:04 • 25 Mart 2021
Azərbaycanda ərəblərin qanunsuz ov macərası - Onların yasaqlığa daxil olmasına kim icazə verir?

Həzz alaraq öldürür, boğazından tutub utanmazcasına gülürlər...

Xezerxeber.az-ın məlumatına görə, söhbət bir neçə gün əvvəl Qax rayonunun Acınohur ərazisində dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edən ərəb turistlərdən gedir.

Üç gün əvvəl cərimələnən əcnəbi vətəndaşlar oxşar hərəkətlərini davam etdirirlər.

Onların hərəkətləri bu dəfə daha qəddar olub: ərəblər bu dəfə Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Əti yeyilməyən və sayı təbiətdə sadəcə 200-250 cütdən ibarət olan bu quş təəssüf ki, artıq ərəblərin qurbanıdır.

Onların bu əməllərini eko-aktivistlər üzə çıxarıblar. Ərəblərin sosial şəbəkələrdəki paylaşımlarını izlyən təbiət sevərlər belə acı bir halın baş verdiyini aşkarlayıblar. Üstəlik məlum olub ki, onlar ötən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar. Sosial şəbəkərdə ərəblərin bu hərəkətini əkst etdirən görüntülərə yazılan şərhlər isə ən çox bu cürdür: "Biz göz bəbəyimiz kimi qoruyaq, onlar isə təbiətimizin nadir incilərini üzümüzə gülərək ovlasınlar. Kimdir müqəssir?"

Daha bir acınacaqlı vəziyyət isə bu hadisənin ikinci dəfə Qax Dövlət Təbiət Yasaqlığında qeydə alınmasıdır. Bir neçə gün öncə həmin əraziyə girdiklərinə və qanunsuz ov etdiklərinə görə cərimələnən bu insanlar yenidən necə ola bilir ki, həmin əraziyə daxil olub asanlıqla nadir quşları ovlaya bilir?  Üstəlik, 28 fevraldan etibarən ölkədə ov mövsümü qadağan edilib. Ümumiyyətlə, yasaqlıqda ov etmək, bir araya gələrək sıx toplaşmaq, hər hansı tədbir keçirtmək, bu cür manqallar qurmaq qəti qadağandır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən suallara cavab da aldıq.  Xidmətin rəisi Hikmət Əlizadə "Xəzər Xəbər"ə bildirdi ki, Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda  yayılan məlumatlar, foto və video materiallar yerində araşdırılıb: "Bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti