Xəzər Xəbər

COVAX platforması çərçivəsində Azərbaycana vaksin verilmir - ÜST moderatorluğa riayət etmir video

Veb TV | 20:26 • 25 Mart 2021
COVAX platforması çərçivəsində Azərbaycana vaksin verilmir - ÜST moderatorluğa riayət etmir

COVAX şirkəti Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərməli olsa da, təəssüf ki, məsələ hələ də həllini tapmayıb. COVID-19-a qarşı vaksinlərin ədalətli bölüşdürülməsi prinsipinə əməl edilmir.

Xezerxeber.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə vaksin əldə edərək Cənubi Qafqazda vətəndaşların vaksinasiyasına başlayan ilk ölkə olub: "Lakin COVAX şirkətinə vaksinlərlə bağlı müraciətimiz hələ də cavabsız qalıb. Bu, Azərbaycana qarşı ədalətsiz mövqe kimi qiymətləndirilməlidir".

Professor Adil Qeybulla hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu məsələyə münasibət bildirməlidir. Təşkilat moderator rolunu oynamalı və birbaşa vaksinlərin düzgün paylanmasına nəzarət etməlidir: "Amma çox təəssüf ki, Ümumdünya Səhiyyə Təşkilatı bu moderatorluğa nəzarət və riayət etmir".

İnfeksionist Vüqar Cavadzadə də bildirib ki, COVAX-ın Azərbaycana vaksin verməməsi ÜST-ün prinsiplərinə ziddir: "Pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir".

Xatırladaq ki, Azərbaycan COVAX platforması çərçivəsində "Pfizer-BioNTech" vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan COVAX platformasının "SARS-CoV-2" virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan olub. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti