Xəzər Xəbər

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnamə BMT-də qəbul edilib video

Veb TV | 20:28 • 24 Mart 2021
Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnamə BMT-də qəbul edilib

BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamənin qəbul olunmasınada birbaşa Azərbaycanın və ölkə başçısının rolu danılmazdır.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Cavid Osmanov deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində çıxışı zamanı bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırışı sonda bu qətnamənin qəbuluna gətirib çıxardı. Ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazanıb.

Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib. Bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil olunur.

Millət vəkili Rəşad Mahmudov isə deyib ki, qəbul edilən qətnaməyə Ermənistan öz mənfur niyyətindən istifadə edərək mane olmağa çalışsa da, arzusu ürəyində qalıb.

Onun sözlərinə görə, qətnamənin qəbul olunması zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin guya qətnamədə nəzərə alınmadığını bildirib. Amma onların bu hərəkəti  uğursuzluğa məruz qalıb və  rüsvayçılıqla nəticələnib.

Rəşad Mahmudov əlavə edib ki, Ermənistanın bu hərəkəti ölkəmizin diplomatik uğurlarına, beynəlxalq müstəvidə çəkisinin artmasına qısqanclıqla yanaşmadan başqa bir şey deyil.

"Son olaraq Ermənistan qətnamənin BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası kimi qlobal təşəbbüslərin alqışlandığı bəndi üzrə konsensusa qoşulmadığını bildirib. Bunun yeganə səbəbi həmin xüsusi sessiyanın məhz Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə çağırılmasıdır", - deyə millət vəkili əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti