Xəzər Xəbər

Əsgərlərini ölümdən xilas etdi, özü şəhid oldu - Mayor Sübhi Mürsəliyevin şərəfli döyüş yolu video

Veb TV | 19:46 • 24 Mart 2021
Əsgərlərini ölümdən xilas etdi, özü şəhid oldu - Mayor Sübhi Mürsəliyevin şərəfli döyüş yolu

Döyüşdə öz əsgərlərini düşündü, canı bahasına  onların həyatını xilas etdi...

Xezerxeber.az-ın məlumatına görə, söhbət 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş cəsur zabitimiz Sübhi Mürsəliyevdən gedir.

İkinci Qarabağ döyüşlərində şəhadətə ucalmış  mayor Sübhi Mürsəliyev Suqovuşanın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib. İsmayıllı rayonunun Qurbanəfəndi kəndində hərbçi ailəsində anadan olan Sübhi Mürsəliyev həyatının 20 ilini hərbiyə həsr edib.

Onun atası qazi Balamirzə Mürsəliyev birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Sübhi Mürsəliyev zabit kimi Ağdam, Tərtər, Tovuz və Goranboy kimi daim atəşkəsin pozulduğu ərazilərdə xidmət aparıb. O, 2016-cı il Aprel döyüşlərində qəhrəmanlıq göstərdiyi üçün bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Ölümün gözünə dik baxan komandir Sübhi Mürsəliyev daim əsgərlərini düşünər, onların qayğısına qalardı.

Sübhi Mürsəliyev ötən il sentyabrın 30-da Suqovuşan ərazisində gedən şiddətli döyüşlərdə 28 əsgərini ölümdən xilas edərkən  qəhrəmancasına şəhid olub.

Şəhid mayor Sübhi Mürsəliyev  "Vətən uğrunda" və  "Suqovuşanın azad olunmasına görə" medalları, eləcə də "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti