Xəzər Xəbər

Gəncə sakinləri yeni evlərinə köçürlər VİDEO

Veb TV | 19:40 • 23 Mart 2021
Gəncə sakinləri yeni evlərinə köçürlər

Gəncədə erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan sakinlər üçün ikiqat bayramdır. Artıq onların yeni mənzillərlə təmin olunmasına başlanıb. 60 mənzilin sənəd və açarları sahiblərinə təqdim olunub.

Azərbaycan ordusunun zərbələrinə tab gətirə və bu zərbələrə bir hərbçi kimi cavab verə bilməyən mənfur düşmən mülki şəxsləri hədəfə aldı... Gəncədə sakinlərin dinc oturduqları evləri dağıdıldı, isti ocaqları qəfil söndürüldü.

Ancaq Azərbaycan dövləti erməni terrorundan zərər çəkmiş bu dinc sakinlərin yaralarını dərhal sarımağa başladı. Ən qısa zamanda onların normal şəraitləri bərpa olundu.

Ermənistanın Gəncəyə raket hücumları nəticəsində evləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edildi. İlkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan ailələrə Azərbaycan Bayrağı küçəsi, 272 ünvanında inşa edilən yeni yaşayış kompleksindən mənzillər verildi.

Yeni mənzillərlə təmin olunan sakinlər bildirirlər ki, onlara əvvəlki mənzillərinin ölçüsündən daha böyük evlər təqdim olunub.

Yeni evlərlə təmin edilənlər əsasən 11 oktyabr gecəsi erməni terrorundan əziyyət çəkən ailələrdir. Mənzillərin bölgüsü vətəndaşlara məxsus yaşayış sahələrinə müvafiq olaraq püşkatma yolu ilə müəyyən edilib. Martın 4-də püşkatma ilə 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanıb. Novruz bayramı günlərində isə 60 mənzilin sənədləri və açarları sahiblərinə təqdim edilib.

Hazırda ailələr paralel olaraq kirayədə qalmaqda davam edirlər. Onlar daha əvvəl kompensasiya edilən məbləğ əsasında evlərə zəruri əşyaları alıb yerləşdirənədək dövlət tərəfindən qarşılanan kirayədən yararlanacaqlar. Xatırladaq ki, 2020-ci ilin 4, 11 və 17 oktyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raketlər nəticəsində yüzdən çox ailənin evi dağılmış, 7-si uşaq olmaqla, 26 nəfər dinc sakin faciəvi şəkildə həyatını itirmişdi.

Xəbər lenti