Xəzər Xəbər

Bu bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir VİDEO

Veb TV | 20:50 • 23 Mart 2021
Bu bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir

Tovuzda ikimərtəbəli yaşayış binası uçmaq təhlükəsi ilə üz-üzədir. Binanın tavanında və divarlarında çatlar əmələ gəlib. Sakinlər binada yaşamaqdan ehtiyat edirlər. Aidiyyatı qurumlar vəziyyətdən xəbərdar olsalar da, vəziyyət dəyişməz olaraq qalmaqdadır.

Gündən-günə artan çatlar, çökməkdə davam edən bünövrə...

Tovuz rayonunun Qovlar şəhərində 65 ildir istifadədə olan ikimərtəbəli yaşayış binasında həyat göz ilə qaş arasındadır. 6 mənzilli, 14 nəfər sakinin yaşadığı bina uçmaq təhlükəsi ilə üz-üzədir. 

Tavanda yaranan çatlar divarları da bir-birindən aralayıb. Bu da öz növbəsində qapı və pəncərələri yerindən oynadıb. Sözügedən bina həm də dəmiryol xəttinin kənarında yerləşir.

Mövcud vəziyyətlə bağlı Qovlar şəhərinin icra nümayəndəsi Oruc Binnətov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən binanın hansı qurumun balansında olduğu bilinmir. Bura 1956-cı ildə Sovxozun fəhlə yataqxanası kimi tikilib. Lakin mövcud vəziyyətlə bağlı şəhər rəhbərliyi olaraq Rayon İcra Hakmiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Hər iki qurumdan binaya baxış keçirilib, qeydlər aparılsa da, həmin vəziyyət davam edir.

Dəmir yolundan keçən qatarların titrəməsi və son bir ayda bir neçə dəfə qeydə alınan zəlzələ binada təhlükə riskini daha da artırır.

Xəbər lenti