Xəzər Xəbər

Əsən güclü külək ağacları aşırdı — Maşınlar əzildi VİDEO

Veb TV | 20:41 • 23 Mart 2021
Əsən güclü külək ağacları aşırdı — Maşınlar əzildi

Bu gün əsən güclü külək Bakıda fəsad törədib. Bakıxanov qəsəbəsində irigövdəli ağac aşaraq 2 nəqliyyat vasitəsinin üzərinə düşüb. Avtomobillərin içində adam olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin nəqliyyat vəsitələrinə ciddi ziyan dəyib. Güclü külək Sumqayıtda da bir sıra fəsadlar törədib. Milli Hidrometeorologiya Xidməti də yaxın 2-3 gün ərzində müşahidə olunacaq hava proqnozunu açıqlayıb.

İrigövdəli ağac aşaraq minik avtomobilini yararsız hala salıb.

Hadisə səhər saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində, Nazim İsmayılov prospektində baş verib. 

Yolun kənarında dayanmış minik avtomobillərindən birinin içərisində sürücüsü, digərində isə avtomobil sahibinin atası olub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. 

Hadisə səbəbindən yolda hərəkət qısa müddətlik dayanıb. Daha sonra aşan ağac kəsilərək ərazidən götürülüb və yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Güclü külək Sumqayıtda da bir sıra fəsadlar törədib. Külək 8 ağacı kökündən çıxararaq aşırıb. Onlardan biri yaşayış binasının eyvanını uçurub.

Aşan ağaclar doğranıb və avtomobillərə yığılaraq ərazidən daşınıb. 

Əsən güclü külək Sumqayıtda faciəyə səbəb olub. Şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayış binasının dam örtüyü qoparaq binanın həyətindən keçən 42 yaşlı Sevinc  Rəsulovanın başına düşüb. Qadın baş və bədənin müxtəlif nahiyələrindən ağır zərbələr alıb. Xəstə dərhal xəstəxanaya çatdırılıb. Komaya düşən qadının vəziyyəti ağırdır.

Milli Hidrometeorologiya Xidmətindən isə bildirilib ki, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, martın 24-dən 25-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Bölgələrdə havanın temperaturu 13-18, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq.

Xəbər lenti