Xəzər Xəbər

Avtobus zolaqları: bir problemi həll edərkən, digərini yaratmayaq VİDEO

Veb TV | 20:14 • 22 Mart 2021
Avtobus zolaqları: bir problemi həll edərkən, digərini yaratmayaq

Koronavirusla bağlı ölkədə ictimai nəqliyyatın hərəkəti bir müddətlik dayandırılıb. Bu isə paytaxt ərazisində avtobuslar üçün 10-dan artıq küçə və prospektdə ayrılmış xüsusi zolaqlara girişə qoyulan qadağanın qüvvədən düşüb-düşmədiyi məsələsini aktuallaşdırır. Sürücülər bildirirlər ki, avtobuslar işləməsə belə zolaqlara girişə icazə yoxdur və zolaqlara xüsusi kameralarla nəzarət edilir. Yol hərəkəti üzrə ekspertlər bildirirlər ki, bu məsələni tənzimləyən qanunda müəyyən boşluqlar var. Bu qadağalar tətbiq edilərkən pandemiya reallıqları da nəzərə alınmalıdır

Sürücülərin bu narazılıqlarının səbəbi avtobuslar üçün ayrılan xüsusi zolaqlardır. Çünkü Nazirlər Kabineti yanında operativ qərargah 9 gün paytaxtda ictimai nəqliyyatın hərəkətini qadağan edib. Bu isə o deməkdir ki, bu müddət ərzində avtobuslar olmadığı üçün həmin zolaqlar da boş qalır. Buna baxmayaraq, digər nəqliyyat vasitələrinə həmin zolaqlara girmək qadağası müvəqqəti olsa da, aradan qaldırılmayıb. 

Vətəndaşlar bildirirlər ki, xüsusilə həftə sonları və ictimai nəqliyyatın işləmədiyi bu tətil günlərində ən azından xüsusi zolağa girişə qoyulan qadağa aradan götürülməli idi. Çünkü metro və avtobuslar işləmədiyindən insanlar taksilərin ümidinə qalıblar. Zolaqlara xüsusi kameralarla nəzarət edildiyindən oraya daxil olan sürücülər cərimələnirlər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov "Xəzər Xəbər"ə bildirdi ki, bu məsələdə ictimai nəqliyyatın işləmədiyi günlərdə sürücülərə heç bir imtiyaz tanınmır. Mövcud qanunvericiliyə əsasən, həftənin günündən asılı olmayaraq, avtobus zolağına daxil olmaq qayda pozuntusudur. Pandemiya ilə əlaqədar avtobuslar fəaliyyət göstərməsə də, qanunda hər hansı bir dəyişiklik edilməyib. Zolağa daxil olan sürücülər 40 manat məbləğində cərimələnəcəklər.

Yol hərəkəti üzrə ekspertlər bildirirlər ki, bu qadağanı tənzimləyən qanunvericilikdə boşluqlar var. Belə qadağalar tətbiq edilərkən pandemiya reallıqları nəzərə alınmalıdır. Yəni qanuna ictimai nəqliyyatın işləmədiyi günlərdə qadağanın müvəqqəti götürülməsi ilə bağlı nüanslar əlavə edilməlidir.

Xəbər lenti