Xəzər Xəbər

İdman klubu gecə saatlarında dağıdıldı VİDEO

Veb TV | 21:45 • 21 Mart 2021
İdman klubu gecə saatlarında dağıdıldı

Paytaxtdakı idman klubunun binası gecə saat 4 radələrində dağıdılıb. Klubun sahibləri Dövlət Reyestr Xidmətindən çıxarışları olmasına baxmayaraq idman klubunun ərazidə tikinti işləri tərəfindən qanunsuz olaraq dağıdıldığını iddia edirlər. Məsələyə tikinti şirkətinin nümayəndəsi də münasibət bildirib.

Gecə saatlarında idman klubunun binası dağıdılıb.

Bu Paytaxtın  Xətai rayonunun Cavanşir küçəsində yerləşən Lider idman klubu binasının dağıdılmamışdan öncəki şəkilləridir. Klubun rəhbəri İlham Sərdarov iddia edir ki,klub dünən gecə saat 4 radələrində ərazidə tikinti işi aparan Olumpus Park tikinti şirkətinin əməkdaşları tərəfindən dağıdılıb. Nəticədə onlara nə az, nə çox 2 milyon manata yaxın ziyan dəyib...

İdman kulubunun rəhbəri İlham Sərdarov bildirir ki, klubun ərazisinə 4 nəfərin sahiblik hüququ var və onların hər birinin dövlət reyestr xidmətindən çıxarışı var. Onun sözlərinə görə ərazidə tikinti işləri aparan şirkət ona obyektin dəyərindən çox az pul təklifi etdiyi üçün tikinti şirkəti nümayəndələri ilə razılaşmayıblar.

Məsələ ilə bağlı ərazidə tikinti aparan şirkətin rəsmisi olduğu deyilən Mehdi Bəbirovla telefon əlaqəsi yaratdıq. Onun sözlərinə görə bir neçə dəfə idman klubunun rəhbəri ilə razılaşmaq istəsələr də buna nail ola bilməyiblər. Mehdi Bəbirov yaşayış binaları içərisində yerləşən obyektin gecə saat 4-də dağıdılmasını isə belə izah edir.

Çəkiliş vaxtı əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da gəldilər. Klubun rəhbəri tərəfindən baş verən hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

Xəbər lenti