Xəzər Xəbər

Uçulmuş, vandallığa məruz qalmış evlər yenidən köhnə vəziyyətinə qaytarılır VİDEO

Veb TV | 20:33 • 20 Mart 2021
Uçulmuş, vandallığa məruz qalmış evlər yenidən köhnə vəziyyətinə qaytarılır

Müharibə zamanı Füzulidə erməni təxribatına məruz qalmış evlərin tikinti və təmir-bərpası davam edir. Bir çox evdə işlər yekunlaşıb və sahiblərinə təhvil verilib, digərlərində isə iş aparılır. Bu günə qədər rayon ərazisində ziyan çəkmiş 150-dən çox fərdi yaşayış evi bərpa edilərək sahiblərinə təhvil verilib.

Uçulmuş, vandallığa məruz qalmış evlər yenidən köhnə vəziyyətinə qaytarılır.

Vətən müharibəsində Ermənistan ordusu dinc əhalinin yaşadığı əraziləri atəşə tutması zamanı onlarla ev və sosial obyekt dağılıb. Hazırda həmin evlərin tikinti və bərpası davam edir. Tikinti-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.

Vətən müharibəsi zamanı erməni təxribatına məruz qalan rayonlardan biri də Füzulidir. Rayonun Horadiz şəhərində yerləşən Əhli-Beyt məscidində təmir işləri yekunlaşmaq üzrədir. Məscidin axundu Nəriman Nəsirov deyir ki, döyüşlər zamanı bu əraziyə erməni faşistləri tərəfindən mərmilər atılıb.

Erməni təxribatı nəticəsində evi tamamilə dağılan sakinlərdən biri də Horadiz şəhər sakini Bağdagül Abbasovadır. O deyir ki, evi ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində yerlə-yeksan olub. Hazırda Abbasovlar ailəsi üçün bir mərtəbədən ibarət müasir fərdi yaşayış evi tikilir.

Babı kənd sakini Əkbər Vəliyevin də evi təmir edilib. Ağır artilleriya atəşləri nəticəsində Vəliyevlər ailəsinin evi ziyan görmüşdü. Amma artıq o günlər arxada qalıb. Vəliyevlər ailəsi bahar bayramını yeni təmir olunmuş evlərində qarşılayır.

Təkcə Füzuli rayonunda Horadiz şəhəri ilə yanaşı, 14 kəndində ümumilikdə, 360-dan çox dağıntı qeydə alınıb. Dağıdılmış və qəzalı vəziyyətdə olan 12 evdə yenidənqurma-tikinti işləri aparılır. 150-dən çox yaşayış və qeyri-yaşayış obyektinin təmiri tamamlanıb, 90-a yaxınında isə işlər davam edir.

Xəbər lenti