Xəzər Xəbər

Aviaşirkətlər turistlər üçün sağlamlıq pasportlarını sınaqdan keçirir: necə işləyir? VİDEO

Veb TV | 21:27 • 20 Mart 2021
Aviaşirkətlər turistlər üçün sağlamlıq pasportlarını sınaqdan keçirir: necə işləyir?

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası turistlərə beynəlxalq səyahət pasportlarının verilməsinə başlayıb. Artıq ''Travel pass'' adlı rəqəmsəl pasportu əldə edən ilk sərnişin də turistik səfərini Sinqapurdan Londona edib. Rəqəmsal pasportda istifadəçinin peyvəndləmə məlumatları, koronavirus testinin nəticəsi və digər məlumatları öz əksini tapır. Pandemiya şəraitində maneəsiz səyahət imkanı verən bu pasportlardan azərbaycanlı sərnişinlər də ala bilərmi? 

Təyyarə ilə səyahət edən turistlərə vahid Beynəlxalq Səyahət Pasportunun verilməsinə başlanıb. Proqram Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sifarişi əsasında yaradılıb. Proqramın məqsədi COVID-19 pandemiyası şəraitində səyahətləri daha əlçatan və təhlükəsiz etməkdir. 

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bu pasportlarda turistlərə aid bütün məlumatlar öz əksini tapacaq.

Ekspertin sözlərinə görə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına üzv olan "Etihad Airways", "Emirates", "Qatar Airways", "Singapore Airlines" kimi iri hava yolları şirkətləri bu proqrama artıq qoşulublar

Rəhman Quliyev deyir ki, məhz yerli aviaşirkətlər bu proqrama qoşulduqdan sonra Azərbaycan vətəndaşlarının Beynəlxalq Səyahət Pasportunu əldə etmə şərtləri də açıqlanacaq.

Qeyd edək ki, əksər ölkə turist qəbulu ilə bağlı daxili qaydalar müəyyən edib. Bu proqram vasitəsilə səyahət edənlər gedəcəkləri ölkələrdə yerli karantin qaydaları haqqında da lazımi məlumatları əldə edə biləcəklər.

Xəbər lenti