Xəzər Xəbər

Azərbaycanda yeni karantin qadağaları gözlənilirmi? - Operativ Qərargah açıqladı VİDEO

Veb TV | 20:52 • 19 Mart 2021
Azərbaycanda yeni karantin qadağaları gözlənilirmi? - Operativ Qərargah açıqladı

Bayram günlərində rayonlara üz tutmaq istəyənlərə şad xəbərimiz var. Rayon yolları bağlanmayacaq və vətəndaşlar rahat şəkildə paytaxtdan rayona və əks istiqamətdə gedib-gələ biləcəklər. Bu gün baş tutan Operativ Qərargahın brifinqində bildirilib ki, sabahdan başlayaraq 9 qeyri-iş günlərində yalnız ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Brifinqdə aylardır qapalı olan metro və toy qadağasından da danışılıb.

Bayram günlərində rayonlara gediş-gəlişdə heç bir məhdudiyyət tətbiq edilməyəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, yoluxma sayında artım müşahidə edilsə də, hələ ki xəstəxənalarda boş çarpayıların sayı çoxdur. Buna görə də, ölkə ərazisində ciddi sərt karantın qadağaları tətbiq edilmir.

Yeganə məhdudiyyət isə ictimai nəqliyyatla bağlıdır. Novruz bayramı günlərində marşrut avtobusları işləməyəcək. 

Şahmar Mövsümov metronun açılması və toylara qoyulan qadağanın aradan qaldırılması ilə bağlı jurnalistlərin suallarını da cavablandırıb.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə dünən ilk dəfə olaraq koronavirusun Britaniya ştammının ölkəmizdə aşkarlanmasından danışıb. O, virusun bu növ mutasiyasına hazırda ölkəmizdə tətbiq edilən vaksinin təsirinin olub-olmamasına aydınlıq gətirib.

Brifinqdə bildirilib ki, indiyə qədər Azərbaycana 1.5 milyon ədəd vaksin gətirilib. Gələn həftədən 40 yaşlı vətəndaşların peyvəndlənməsinə başlanacaq. O da bildirilib ki, hazırda vaksinasiyadan keçən insanlara xüsusi imtiyazların verilməsi məsələsi müzakirə olunur.

Xəbər lenti