Xəzər Xəbər

Azərbaycanın və Türkiyənin kənd təsərrüfatı nazirləri Qarabağda traktor sürdü, səpin apardılar video

Veb TV | 22:04 • 18 Mart 2021
Azərbaycanın və Türkiyənin kənd təsərrüfatı nazirləri Qarabağda traktor sürdü, səpin apardılar

İşğaldan azad olunmuş ərazilərdə Türkiyənin kənd təsərrüfatı modeli tətbiq ediləcək. Məqsəd yüksək məhsuldarlığa nail olmaq və bununla da kəndlilərin bu sahəyə marağını artırmaqdır.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyə və Azərbaycanın kənd təsərrüfatı nazirlərinin işğaldan azad olunmuş ərazilərə səfərinin əsas məqsədi də elə bu ərazilərin potensialını yerində görmək idi.

Nazirlər yüksək kənd təsərrüfatı potensialı ilə seçilən Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində toxum səpmə prosesində iştirak etdilər. Bu əraziyə Türkiyədən gətirilən və məhsuldarlığı ilə seçilən yemlik toxumlar səpildi.

Səfər çərçivəsində Füzuli, Cəbrayıl və Zəngilan ərazilərində aparılan payızlıq əkinlərə də baxış keçirildi.

Türkiyə-Azərbaycan qardaşlığı Zəngilan rayonunda da əbədiləşdirildi. Bu məqsədlə ilk ağıllı kənd konsepsiyasının qurulacağı Ağalı kəndində qardaşlıq bağı salındı. Nazirlərin səfəri çərçivəsində uzun illər işğal altında qalmış Füzuli şəhəri və rayon ərazisində şəhidlərin xatirəsinə ucaldılan şəhidlər kompleksi də ziyarət edildi.

Jurnalistlərə müsahibə verən Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli bildirib ki, bu torpaqların əkin və heyvandarlıq potensialı olduqca yüksəkdir. Türkiyədən gətirilən toxumlardan danışan nazir qeyd etdi ki, münbit olan bu ərazilərdə həmin toxumların məhsuldarlığı yüksək olacaq.

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov isə bildirdi ki, iki ölkənin mütəxəssisləri buranın bütün imkanlarını araşdıracaq və müasir texnologiyalar tətbiq edəcəklər.

Qeyd edək ki, qardaşlıq bağında ağıllı texnologiyanın tətbiqi nəzərdə tutulur. Burada suvarma sistemləri avtomatik qaydada işləyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti