Xəzər Xəbər

Güclü yağan qar fəsadlar törətdi VİDEO

Veb TV | 20:03 • 12 Mart 2021
Güclü yağan qar fəsadlar törətdi

Ötən axşamdan bölgələrə yağan güclü qar irigövdəli ağaclar aşıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.  Qar səbəbindən Bakı-Şamaxı yolu bağlanıb.

Ağaclar aşıb, avtomobillərin hərəkətində çətinlik yaranıb... Qeyr-sabit hava şəraiti fəsadlara yol açıb...

Gecə saatlarından yağan qar İsmayıllı-Muğanlı yolunu ağ örpəyə bürüyüb. Nəticədə də avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yolun dağlıq ərazilərdən keçən hissəsində və Muğanlı dolaylarında hərəkət qısa müddətlik dayanıb. İsmayıllının bir neçə kəndinə də gediş -gəliş çətinləşib. 

Səhər saatlarından "İsmayıllı Yol İstismarı" MMC-nin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Yollar qardan təmizlənib və  nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. 

Güclü qar səbəbindən Bakı-Şamaxı yolu bağlanıb. Yolun Qobustan rayonundan keçən hissəsində xeyli avtomobil yolda qalıb. Güclü küləyin dağlardan gətirdiyi qar yolun hərəkət hissəsini tamamilə örtüb. Yol patrul xidmətinin əməkdaşları qəzaların baş verməməsi üçün saat 13:30 radələrindən Bakı-Şamaxı yolunun Qobustanın Nərimankənd kəndi və Şamaxı şəhəri ərazisindən keçən hissəsində post quraraq yolu bağlayıb, nəqliyyat vasitələrinin hərəkətini dayandırıb. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilib. Lakin, çovğun səbəbindən magistral yolun böyük hissəsini qar və buzdan təmizləmək mümkün olmadığı üçün nəqliyyatın hərəkəti dayandırılıb. 

Ölkədə ən çox qar yağan yaşayış məntəqələrindən biri də Şəkinin Kiş kəndidir. Burada qarın qalınlığı 30 santimerə yaxın olub. 

Bəzi dağətəyi yaşayış məntəqələrində də qarın qalınlığı 25-30 santimetr olub. 

Qeyri-sabit hava şəraiti Mingəçevirdə də fəsadlar törədib. Şəhərin bəzi ərazilərində ağaclar aşıb, elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işlərə başlayıblar. 

Tovuzda isə stadion qarla örtüldüyündən futbol üzrə I divizyonun oyunu baş tutmayıb. "Turan" - "Sabah 2" oyunu təxirə salınıb. ""

Qar bu mövsümdə Tovuzda ikinci dəfə matçın keçirilməsinə mane olur.

Ötən axşamdan yağan qar şimal bölgəsini də ağ örpəyə bürüyüb. Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti çətinləşsə də, yol bağlanmayıb. Rayonun Qırız kəndində mənfi 14 dərəcə temperatur qeydə alınıb.

Güclü qar Gəncəni də ağ örpəyə bürüyüb. Səhər saatlarında şəhərdə havanın temperatur 0 dərəcə olub. Qar nəqliyyatın hərəkətinə mane olmasa da, elektrik enerjisinin və qazın verilişində fasilələr yaranıb.

Xəbər lenti