Xəzər Xəbər

Sahibkarlar əlavə gömrük ödənişlərindən narazıdır VİDEO

Sahibkarlar iddia edirlər ki, xaricdən gətirdikləri malları komitə əməkdaşları düzgün rəsmiləşdirmir.
Veb TV | 22:13 • 10 Mart 2021
Sahibkarlar əlavə gömrük ödənişlərindən narazıdır

Ölkəyə dərman vasitələri və qida əlavələri gətirən bir qrup sahibkar gömrük komitəsindən narazılığını ifadə edib.  Komitənin inzibati binasının qarşısına yığılan sahibkarlar iddia edirlər ki, xaricdən gətirdikləri malları komitə əməkdaşları düzgün rəsmiləşdirmir. Nəticədə sahibkarlar əlavə rüsum ödəməli olurlar. Dövlət Gömrük Komitəsinin rəsmisi isə sahibkarların bu iddialarını əsassız hesab edir. Təfərrüatlara nəzər salaq.
 
Faiq Bayramov illərdir Azərbaycana dərman preparatları və qida əlavələri idxal etdiyini deyir. Onun iddiasına görə, ötən ildən Dövlət Gömrük Komitəsi onların gətirdiyi məhsullara əlavə rüsum tələb edir. Bu isə ondan qaynaqlanır ki, Komitə əməkdaşları sahibkarın, gətirdiyi mala dair təqdim etdiyi qiyməti nəzərə almır və özü qiymət müəyyənləşdirir.

Elşad İsmayılov da bir neçə ildir qida əlavələrinin idxalı ilə məşğuldur. O, iddia edir ki, onun idxal etdiyi məhsul gömrükdə düzgün rəsmiləşdirilmir və nəticədə əlavə rüsum ödəməyə məcbur edilir.

Əraziyə gələn Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov jurnalistlərə və şikayətçi sahibkarlara açıqlama verərək bildirib ki, Komitənin qanunsuz əməllərlə məşğul olması ilə bağlı iddialar əsassızdır. O bildirdi ki, Gömrük orqanlarının apardığı araşdırmalara görə, sözügedən qida əlavələrinin real satış qiyməti gömrükdə bəyan olunan qiymətdən fərqlidir.

Natiq Axundov həmçinin sahibkarların ödədiyi rüsum haqda əsassız iddialarını da cavablandırıb.

Narazı olan sahibkarları komitə sədrinin birinci müavini də qəbul edib. Yekun qərarın Dövlət Gömrük Komitəsinin sədri ilə sahibkarların görüşündən sonra veriləcəyi bildirilib.

Xəbər lenti