Xəzər Xəbər

100 min sakini olan qəsəbədən şəhər mərkəzinə cəmi bir marşrut işləyir VİDEO

Veb TV | 21:48 • 9 Mart 2021
100 min sakini olan qəsəbədən şəhər mərkəzinə cəmi bir marşrut işləyir

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan sakinlər şəhərin mərkəzinə gəlmək üçün cəmi bir marşrut xəttindən istifadə edirlər. Şərnişinlərin sayının çox olması pik saatlarda bu avtobuslarda sıxlığa səbəb olur. Sakinlər qəsəbədən birbaşa şəhər mərkəzi istiqamətinə işləyən əlavə marşrut xəttinin açılmasını istəyirlər.

100 minə yaxın əhalisi olan qəsəbədən şəhərin mərkəzinə cəmi bir marşurt xətti fəaliyyət göstərir. Nəticədə avtobuslarda sıxlıq yaranır və qəsəbə sakinləri bundan əziyyət çəkirlər.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan sakinlər şəhərin mərkəzinə avtobusla gəlmək üçün ancaq "BakuBus''a məxsus 175 saylı marşrut xəttindən istifadə etmək məcburiyyətində qalırlar. Çünki qəsəbədən birbaşa mərkəz hissəyə başqa heç bir marşurt xətti işləmir. 

Metronun "28 may" stansiyasından Hövsan qəsəbəsi və əks istiqamətə 175 saylı marşrut xəttində xüsusən də pik saatlarda sıxlıq yaranır. Çıxılmaz vəziyyətlə qarşılan sakinlər bu istiqamətə əlavə marşrut xəttinin açılmasını istəyirlər.

Nəzərə alsaq ki, qəsəbə ərazisində Mənzil İnşaatı Dövlət Agentliyinin böyük yaşayış kompleksi salınıb, deməli, bu da marşrut avtobuslarına tələbatı artıracaq. Sakinlərin sözlərinə görə, ikinci bir marşrut xəttinin olmaması səbəbindən əksər hallarda Hövsan qəsəbəsindən metronun "28 may" istiqamətinə qeyri-qanuni işləyən mikroavtobuslardan yararlanmaq məcburiyyətində qalırlar.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''xəzər xəbər''ə bildirdi ki, Hövsan qəsəbəsində sərnişin tələbatı ilə bağlı təhlillər aparılıb və bu tələbata uyğun olaraq qəsəbəni Bakının müxtəlif əraziləri ilə əlaqələndirən 3 müntəzəm marşrut xətti təşkil edilib. O ki qaldı qəsəbədən məhz şəhər mərkəzinə işləyən marşrut xətlərinin artırılmasına, Mais Ağayev bu məsələyə də baxıla biləcəyini deyib.

Sakinlər problemin tezliklə həll ediləcəyi günü gözləyirlər.

Xəbər lenti