Xəzər Xəbər

Bayramı iş başında qeyd edənlər VİDEO

Onlar bu günü bayram kimi yox, adi iş günü kimi keçirirlər.
Veb TV | 21:15 • 8 Mart 2021
Bayramı iş başında qeyd edənlər

Bu gün onların günüdür. Amma onlar bu günü bayram kimi yox, adi iş günü kimi keçirirlər. Biri çörək bişirir, o biri təmizlik işi görür, digəri sükan arxasında, o biri asayişin keşiyindədir.

Bəli, bu gün qadınlar günüdür. Baş tacımız, ana-bacımız, xanımımız olan qadınların günü. Bu günü bir çoxları evdə qeyd etsələr də, amma həmkarlarım kimi bu günkü günü işdə keçirənlər də az deyil. 

Təndirə çörək yapan kim, gəl ay müştəri deyən kim. Asayişi qoruyan, səhhətində problemlər olanların dadına çatalar da öz yerində.

Bu gün onların bayramıdır. 8 mart Beynəlxalq qadınlar günü.. Amma bu günü onlar evdə ailələri ilə birlikdə yox bir çox peşə sahibləri kimi işdə qeyd edirdilər.

Aslanın erkəyi dişisi olmaz. O, da bir aslan kimi 40 ilə yaxındır ki, daxili işlər orqanlarında çalışır. Polis polkovnik-leytenantı Məryəm Ömərovə artıq bayram günlərində evdə qalmamağı özünə adət etdiyini bildirir. Buna görə isə əsla məyus olmur, çünki seçdiyi peşəni sevə-sevə icra edir.

Məryəm xanım bildirir ki, bu günlərdə ona çox hədiyyələr təqdim olunsa da onun üçün ən böyük hədiyyə bu il torpaqlarımızın azadlığına qovuşması olub.

Bu gün onlar da iş başındaydı. Hər kəsin sağlamlığını qorumaq üçün. 7 gün 24 saat hər bir zəngə cavab verib səhhətində heç kimin problem olmamaması üçün onlar da əllərindən gələni edirlər.

Gülarə Bədəlova bildirir ki, 30 ilə yaxın bir müddətdir ki, tibb sahəsində çalışır. Bu illər ərzində hər kəs bayram günlərində ailəsinin yanında bir süfrə ətrafında oturduğu zaman o isə iş masasında vəzifəsini icra edib.

Elə onları da iş başında lentə aldıq. İsti kürənin kənarında çörək yaparaq evinə yardım edir Həcər xanım. Deyir artıq illərdir ki, bu belə davam edir. Bayram günlərində hamı evdə olsa da amma o iş başında olur. Özü də səhərin erkən saatlarından gecəyə kimi.

Bu xanımlar da hər gün işdə olurlar. Biri xırdavat satır digəri isə meyvə tərvəz. Bu xanım isə özü gül satsa da amma bu günə kimi ona heç kimin bayramda gül hədiyyyə etmədiyini bildirib.

 

Xəbər lenti