Xəzər Xəbər

Bakıda güclü külək insan ölümünə səbəb olub video

Veb TV | 19:58 • 7 Mart 2021
Bakıda güclü külək insan ölümünə səbəb olub

Bakıda əsən güclü külək insan ölümünə səbəb olub, həmçinin binalara ciddi ziyan vurub, məktəblərin dam örtüklərini uçurub.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın "28 May" metrostansiyası yaxınlığında yol kənarına quraşdırılan dəmir hasar güclü küləyin təsirindən aşaraq oradan keçən qadının başına düşüb. Qadın elə hadisə yerindəcə dünyasını dəyişib.

Küləyin təsirindən  binalara da ziyan dəyib. Hadisələrdən biri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində bas verıb.

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi  Namizəd İsmayılov  bildirib ki, məlumat daxil olan kimi əraziyə gəliblər. Qısa müddətdə dəymiş ziyan  həllini tapacaq.

Külək 319 və 278 saylı tam orta məktəbin  dam örtüyünü  də uçurub. Digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Bütün məktəblərə müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Bu cür vəziyyət qaz təsərrüfatına da ziyansız ötüşməyib. Xəzər rayonu, Binə qəsəbəsi "Sovxoz ərazisi" deyilən yerdə bir marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb. Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.

"Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində isə külək ağacı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb. Nəticədə 5 yaşayış binasında təxminən 300 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bakı-Salyan yolunda güclü külək avtomobil qəzasına səbəb olub. Hərəkətdə olan yük maşını aşıb.

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı sürücülərə müraciət  edib. İdarədən bildirib ki, hazırda respublika ərazisində müşahidə olunan güclü küləkli hava şəraitini nəzərə alaraq sürücülərin nəqliyyat vasitələrini çoxmərtəbəli binaların yaxınlığında, eyvanların altında və aşmağa meyilli ağacların ətrafında park etməsi olduqca təhlükəlidir. Sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, həmçinin yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilmiş sürət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar. Hərəkət iştirakçılarına ehtiyatlı olmağı və vacib olmadığı halda avtomobildən istifadə etməmək tövsiyə olunur .

Bu arada, sabaha gözlənilən hava şəraiti də açıqlanıb. Ölkə ərazisində arabir yağıntı olacağı,  qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayın 8- də isə güclü şimal -qərb küləyi tədricən mülayimləşəcək.

Martın 9-u gündüz saatlarından başlayaraq  rayonlarda  hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti