Xəzər Xəbər

Siyəzəndə evlərə verilən içməli su palçıqlıdır video

Veb TV | 21:44 • 5 Mart 2021
Siyəzəndə evlərə verilən içməli su palçıqlıdır

Siyəzəndə evlərə verilən içməli su bir müddətdir ki, palçıqlı gəlir. 

Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun Yenikənd kəndindən gedir. 

Sakinlər bildirir ki, bir müddətdir onlara bulanıq su verilir. İki gündən bir  borular vasitəsi ilə ötürülən su nəinki içməyə, heç məişətdə  istifadəyə də yaramır. 

Kənd sakinlərinin sözlərinə görə, məsələ ilə bağlı aidiyyatı quruma müraciət ediblər. Lakin hələlik nəticə yoxdur. Onlar bu sudan xəstəlik  yayılmasından narahatdır. 

Siyəzən Sukanal İdarəsinin sahə rəisi Eldar Cabbarov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Yenikənd ərazisində yeni xətlərin çəkilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulub. O ki qaldı suyun palçıqlı gəlməsinə, sahə rəisi bildirib ki, şaxta nəticəsində borularda çatlar əmələ gəlib və qarışım olub. 

Qeyd edək ki, Yenikənd kəndində  400-ə yaxın ailə yaşayır. Sakinlər problemin tezliklə həll olunmasını istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

Xəbər lenti