Xəzər Xəbər

Yol ensiz, avtobus isə uzun - Sürücülər ciddi problemlə üzləşir VİDEO

Veb TV | 20:45 • 4 Mart 2021
Yol ensiz, avtobus isə uzun - Sürücülər ciddi problemlə üzləşir

Marşurt avtobusunun uzun, yolun isə ensiz olması bəzi xətt üzrə hərəkət edən avtobus sürücülərinə problem yaradır. Məsələn, Bakının Xətai rayonuda 11 nömrəli marşurt avtobuslarının sürücüləri Xudu Məmmədov küçəsi ilə İlqar Zülfüqarov küçəsinin kəsişməsində dönmə əməliyyatı edən zaman ya məcbur qalıb əks zolağa, ya da yoldan kənara çıxmalı olurlar. Bir neçə ay əvvəl bu avtobuslar uzun ''BakuBus''  avtobusları ilə əvəz olunduğundan, sürücülər ensiz yoldan dönə bilmirlər. Məsələyə aidiyyəti qurumdan da münasibət bildirilib.

Yol ensiz, avtobus isə uzun. Bu yolda avtobusla dönmə əməliyyatı etmək heç də asan deyil. Marşurt avtobusunun sürücüləri yolda sağa və sola dönmək istəyərkən problemlə qarşılaşırlar.

Bura Xətai rayonu Xudu Məmmədov küçəsi ilə İlqar Zülfüqarov küçəsinin kəsişməsidir.Bir neçə ay əvvəl Metronun 28 may stansiyasından Həzi Aslanov metrosu istiqamətinə hərəkət edən 11 nömrəli marşurt xətti ''BakuBus'' avtobusları ilə əvəz olunub. Sərnişinlərin sözlərinə görə, onsuz da bu yol ensiz idi. Avtobusların uzun ''Bakubus''lar ilə əvəzlənməsi problemi daha da artırdı.

Yaxınlıqda yaşan sakinlər deyir ki, xüsusi ilə də axşam saatlarında yoldan istifadə edən avtomobillərin çox olması və  avtobusların dönmə əməliyyatın etməkdə problem yaşaması ərazidə tıxacın yaranmasına səbəb olur.

''BakuBus'' sürücüləri də problemə səbəb kimi, həm yolun dar, həm də avtobusların uzun olmasını göstərirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən ''XəzərXəbər''ə bildirildi ki, həmin küçədə yolun həndəsi ölçüləri 12 metrlik avtobusların dönmə əməliyyatı etməsi üçün uyğun deyil. Hazırda küçədə təmir işləri gedir. Bu çərçivədə rastlaşılan məqamlar mütəxəssislərin verdiyi layihə əsasında aradan qaldırılacaq.

 

Xəbər lenti