Xəzər Xəbər

Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama VİDEO

Veb TV | 20:24 • 4 Mart 2021
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama

İşğaldan azad olunmuş ərazilərdə yeni gömrük postları qurulacaq. Bunun üçün artıq danışıqlar gedir. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Komitə sədri 2020-ci ildə görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışıb. Səfər Mehdiyev xaricdən sirafiş edilən məhsulların ünvanlara çatdırılması zamanı bir sıra hallarda müşahidə edilən gecikmələrə də aydınlıq gətirib.

"Dövlət Gömrük Komitəsində hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır". Bunu Komitənin sədri Səfər Mehdiyev Xarici Ticarətin Gömrük Statistikasi ilə bağlı konfransda çıxış edərkən bildirib. Onun sözlərinə görə gömrük orqanları tərəfindən 2015-2017-ci illərdə 6 milyard 493 milyon manata yaxın vəsait dövlət büdcəsinə toplanıb. 2018-2020-ci illər ərzində isə bu göstərici artıq 11 milyard 780 milyon manat olub. 

Səfər Mehdiyev qeyd edib ki, ötən il ölkəmizə xaricdən 10,73 milyard ABŞ dolları dəyərində mal idxal edilib. İdxal əməliyyatlarının 59%-i gömrük rüsumlarından tam azad olunub. Ən çox idxal olunan məhsullar maşın və elektrik avadanlıqları olub. İdxal olunan məhsulların 23.6 faizi bu malların üzərinə düşür. 

Komitə sədri  xaricdən sifariş edilən malların ünvanlara çatdırılması zamanı bir sıra hallarda yaşanan gecikmələrə də aydınlıq gətirib. O bildirib ki, karqo şirkətləri çeşidləmə prosesini həyata keçirə və məhsulu vaxtında təqdim edə bilmirlər. Səfər Mehdiyev əlavə edib ki, əgər məhsul vaxtında bəyan olunubsa, həmin gün yüklərin 80 faizi sifarişçiyə təqdim edilir.  

Səfər Mehdiyev işgaldan azad edilmiş ərazilərdə gömrük postlarının təşkil ediləcəyini söyləyib. Komitə sədrinin sözlərinə görə, işğaldan azad edimiş ərazilərdə ən vacib məsələlərdən biri də tranzit əlaqələrin qurulmasıdır. Prosesin həyata keçirilməsi istiqamətində üçtərəfli görüşlər keçirilir.

Səfər Mehdiyev onu da əlavə edib ki, yeni gömrük postunun açılması ilə bağlı İran tərəfindən Azərbaycana müraciət daxil olub. Komitə sədri qeyd edib ki, Xudafərin postunun fəaliyyətə başlaması ehtimalı Qarabağa qayıdışımızın inkişafı üçün önəmli qapılardan biri olacaq. Postun açılması ilə bağlı danışıqlar gedir.

Xəbər lenti