Xəzər Xəbər

Yeni istismara verilən gəmilər Xəzərin sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək video

Veb TV | 22:54 • 2 Mart 2021
Yeni istismara verilən gəmilər Xəzərin sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək

Xəbər verdiyimiz kimi dünən Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

Bu gün əməkdaşlarımız həmin gəmilərdə olub, onların imkanları ilə maraqlanıblar.

Xəzər dənizində "Azərbaycan" və Akademik Zərifə Əliyevanın adını daşıyan yeni model gəmi-bərələrin fəaliyyət göstərir. Bu gəmilərin uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü 7.5 metrdir. 30 nəfərlik heyətlə idarə edilən gəmilər saatda 14 uzel, yəni 26 kilometr sürətlə hərəkət etmək imkanına malikdir. Məlum olub ki, yeni "Ro-Pax" tipli gəmi-bərələr isə Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcək.

Xezerxeber.az-ın məlumatına görə, ümumilikdə Xəzərdə 13 ədəd bərə-gəmi, 6 ədəd Ro-Ro tipli gəmi fəaliyyət göstərir. Yeni istifadəyə verilən gəmilər isə yükdaşıma işini xeyli asanlaşdıracaq.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda bu gəmilərin istehsalı həm də onu göstərir ki, artıq Xəzərə kənarda istehsal edilmiş gəmiləri gətirməyə ehtiyac yoxdur və bu zavodda ən müasir gəmiləri istehsal etməyə hər cür şərait var. Üstəlik, Xəzərə yeganə giriş-çıxış yolu olan Volqa-Don və Volqa-Balt kanallarının məhdudiyyətləri də Xəzərə iriölçülü gəmilərin gətirilməsinə müəyyən çətinliklər yaradır.

İstismara verilən hər iki gəmi məhz bu qəbildəndir.

Gəmidə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. İki və dörd nəfərlik otaqlar yüksək standartlara cavab verir. Burada geniş yeməkxana və oxu zalı da var.

Qeyd edək ki, Ro-Pax tipli gəmilər həm də Xəzər dənizinin limanlarının mövcud sahil yanalma, yükləmə-boşaltma infrastrukturuna uyğun gələn və maksimal yükgötürmə imkanına malik gəmilərdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti