Xəzər Xəbər

Prezident İlham Əliyevin mətbuat konfransı fərqli formatı ilə tarixə düşdü video

Veb TV | 22:02 • 1 Mart 2021
Prezident İlham Əliyevin mətbuat konfransı fərqli formatı ilə tarixə düşdü

Bir neçə gündür ki, dünyanın bir çox aparıcı media qurumlarının manşeti Prezident İlham Əliyevin açıqlamaları ilə trendə çevrildi. Fevralın 26-da dövlət başçısı 35-dən çox xarici media nümayəndəsinin 50-ə yaxın sualını cavablandırdı. Mətbuat konfransı bir sıra maraqlı detallarla yadda qaldı.

Xezerxeber.az-ın məlumatına görə, konfransda iştirak edən hər bir jurnalistin canlı yayım etmək, birbaşa yayımda istədiyi sualı vermək imkanı oldu. Jurnalistlər istədiklər sualları məhdudiyyət olmadan ünvanlaya bildilər.

"APA Holdinq"in rəhbəri, əməkdar jurnalist Vüsalə Mahirqızı qeyd edib ki, prezidentin keçirdiyi mətbuat konfransı bir nümunə idi.

Onun sözlərinə görə, mətbuat konfransında xarici media nümayəndələrinin ölkəmizlə bağlı bütün suallarına aydınlıq gətirildi. Verilən suallara nəzər yetirdikdə aydın olur ki, xarici media nümayəndələri üçün Azərbaycan liderinin fikirləri olduqca önəmlidir.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid mətbuat konfrasında iştirak edən jurnalistlərin təəssüratlarının yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə prezidentinin son mətbuat konfransı fərqli formatda keçirilmiş tədbir kimi tarixə düşdü.

Rəşad Məcidin sözlərinə görə, Prezident İlham Əliyev məhz 26 fevral - Xocalı soyqırımı günündə mətbuat konfransı keçirməklə aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasətinə yönəltdi. İnformasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi.

4 saatdan çox davam edən mətbuat konfransında ölkə başçısının sualları 4 dildə cavablandırması diqqətçəkən məqamlardan biri idi. Dövlət başçısı hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərksilah etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti