Xəzər Xəbər

Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq VİDEO

Veb TV | 21:30 • 28 Fevral 2021
Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq

Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları təsdiqlənib. Bunun nəticəsində də kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq. Təsərrüfat üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər.

Kənd təsərrüfatında işləyənlərə də əmək stajı hesablanacaq.

Nazirlər Kabineti "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" və "Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası"nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısı ilə yanaşı, üzvlərinin də şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir. Prosedurun nəticəsi olaraq da təsərrüfat üzvlərinə elektron vəsiqə veriləcək. Millət vəkili Vüqar Bayramov deyir ki, yeni qaydaların tətbiqi ailə kəndli təsərrüfatları üzvlərinin stajlarının hesablanmasına və xüsusi formların təqdim olunmasına imkan verəcək.

Eləcə də uçotun aparılması həmin məlumatların elektronlaşmasına və elektron şəbəkəyə inteqrasiyasına imkan yaradacaq. Bu da ailə kəndli təsərrüfatının üzvlərinin dövlət dəstəyindən daha geniş istifadə etməsinə şərait yaradacaq.

Uçot sisteminin təkmilləşdirilməsi sayəsində ailə kəndli təsərrüfatının üzvləri gəlirlərinə uyğun vergi də verəcəklər. Nəticədə də dövlət büdcəsinə daxil olan vergi və sosial ödənişlər artacaq.

Xəbər lenti