Xəzər Xəbər

Xocalı soyqırımı dünyada VİDEO

Veb TV | 22:41 • 26 Fevral 2021
Xocalı soyqırımı dünyada

Bu gün bir sıra dünya ölkələrində də Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib. Xocalı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda Amerika-Azərbaycan Cəmiyyətləri Konqresinin təşkilatçılığı və dəstəyi ilə şəhərin müxtəlif yerlərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə "Xocalı Azərbaycanlı mülki əhalinin ən böyük qətliamı olmuşdur" lövhələri asılıb. 25 və 26 fevral tarixlərində davam edəcək bu yayım şəhərin mərkəzində - Ağ Ev, Konqres binası, Vaşinqton abidəsi, milli parklar və memorial abidələri və digər görkəmli məkanlarda nümayiş etdirilir. Analoji aksiya Şimali Karolina ştatında da keçirilib.

Həmçinin fevralın 25-də Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobillər ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, Massaçusets ştatının Boston şəhərlərində, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində hərəkət edib. Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.

"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın daha bir ştatında - Floridanın iki müxtəlif şəhərində Mayami və Orlandoda üzərində faciəyə dair faktların əks olunduğu elektron lövhəli xüsusi avtomobillər küçələrdə hərəkət edib. Floridanın Sanni Ayls Biç şəhəri Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "proklamasiya" - bəyannamə yayıb. Şəhərin meri Corc Skoll tərəfindən imzalanan bəyanata əsasən 2021-ci il fevralın 26-sı Sanni Ayls Biç şəhərində Xocalı soyqırımının 29-cu ildönümü günü elan edilib.

Kaliforniyada isə tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib. Sosial şəbəkələr vasitəsilə keçirilmiş premyera böyük rəğbət qazanıb və geniş yayılıb.

Avropa ölkələrində də Xocalı soyqırımının ildönümü münasibətilə təbliğat və taşviqat işləri aparılıb. Belə ki, Böyük Britaniyanın bir sıra şəhərlərində "Xocalıya ədalət!" tələbinin əks olunduğu lövhələr yerləşdirilib. Həmçinin Böyük Britaniya İcmalar Palatasının rəsmi internet səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə edən Bəyanat yerləşdirilib. 

Almaniyada isə Azərbaycanın Almaniyadakı səfirliyi və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümünə həsr olunmuş sayca 9-cu "Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda simpozium keçirilib. Əvvəlki illərdə bir qayda olaraq Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində keçirilən simpozium bu dəfə pandemiya şərtləri ilə əlaqədar onlayn formatda baş tutub.

İtaliyada da Xocalı soyqırımının 29-cu ildönümünü ilə əlaqədar videoformatda "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbir keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib. Bundan başqa Moldovanın paytaxtı Kişineuda, Polşanın paytaxtı Varşavada da Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Qonşu Gürcüstanda da Xocalı soyqırımının ildönümü ilə bağlı bir sıra təbliğat işləri aparılıb. Belə ki, Heydər Əliyev Fondunun və Azərbaycanın Gürcüstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Tbilisi şəhərində, səfirliyin binası önündə Xocalı soyqırımına və Vətən Müharibəsində əldə olunan qələbəyə həsr olunan fotoşəkillərin yer aldığı guşə, həmçinin Xocalı soyqırımına aid filmin nümayiş olunduğu böyük ekran quraşdırılıb. Anım tədbirləri çərçivəsində soyqırımının 29-cu ildönümünə həsr olunan "Xocalıya ədalət" adlı xüsusi jurnal çap edilib.  Bundan başqa Gürcüstanın aparıcı elektron KİV-ində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı banerlər yerləşdirilib. Qonşu ölkənin 25 xəbər saytının əsas səhifələrində "Xocalıya Ədalət" kampaniyasının loqosu yerləşdirilib.

Eyni zamanda qardaş Türkiyənin İstanbul şəhərində də Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu tərəfindən silsilə tədbirlər təşkil olunub.

Xəbər lenti