Xəzər Xəbər

XX əsrin ən dəhşətli faciəsidir Xocalı VİDEO

Veb TV | 23:00 • 26 Fevral 2021
XX əsrin ən dəhşətli faciəsidir Xocalı

Tariximizin ən qanlı səhifələrindən olan bu soyqırımı təkcə azərbaycanlıların yox, bütün insanlığın faciəsidir. Gəlin, o tarixə qısaca nəzər salaq.

XX əsrin ən dəhşətli faciəsidir Xocalı. Yüzlərlə azərbaycanlının qətlə yetirildiyi və əsir götürüldüyü yerdir Xocalı.

1992-ci il fevral ayının 25-dən 26 na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərini ələ keçirib. 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınıb Xocalı. Avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Və regionun yeganə havalimanı burada yerləşdiyindən bu bölgə xüsusi əhəmiyyətə malik idi.

O gecə mühasirədə 2500 nəfər Xocalı sakini Ağdam rayonuna çatmaq arzusu ilə şəhəri tərk edib. Amma 613 nəfər qətlə yetirilib. Şahidlərin sözlərinə görə, o cəsədlərin Ağdam məscidində gətirildiyi zaman onların sayı çox idi. 

O gecədən qaçanlar Böyük Qaya istiqamətindən Şelli kəndinə gəliblər. 

Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. 

Xocalı əsirlərinin dəyişdirilməsində Milli Qəhrəman Allahverdi Bağırovun rolu əvəzsizdir. Üç gün ərzində Allahverdi Bağırov 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. 

Xocalı soyqırımı öz miqyasına görə XX əsrin Xatın və Sonqmi faciələri ilə bir sırada dayanır. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdən biridir.

Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinə məxsus məlumatlarda Xocalıda istifadəsi qadağan olunan mərmi və kimyəvi silahlardan istifadə edildiyi öz əksini tapıb. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Ermənilər sağ qalan insanlar üzərində tamamilə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı  haqda xüsusi Fərman imzalayıb. Azərbaycan Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib.

Nəhayət 29 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2020-ci ilin 8 noyabr tarixi Azərbaycan tarixinə Zəfər tarixi kimi əbədi həkk olundu. Keçən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsi işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirmiş insanların hamısının qisası alınmış oldu.

 

Xəbər lenti