Xəzər Xəbər

Buzlu yolda qəza olarsa, hərə öz avtomobilini təmir etdirəcək? VİDEO

Veb TV | 20:10 • 25 Fevral 2021
Buzlu yolda qəza olarsa, hərə öz avtomobilini təmir etdirəcək?

Son iki gündə Bakıda qarlı hava ilə əlaqədar 41 yol nəqliyyat hadisəsi baş verib. Ən çox qəzalar Yasamal və Suraxanı rayonlarının enişli-yoxuşlu ərazilərində qeydə alınıb. Avtomobil təmiri ilə məşğul olanlar deyirlər ki, qarlı havalarla bağlı onlara müraciət edənlərin sayı çoxalıb. Yolların buz bağlaması nəticəsində baş vermiş qəzalar avtomobillərin sığortasını bir daha gündəmə gətirir.

Son 2 gündə yolların buz bağlaması nəticəsində baş verən qəzalar zamanı zərər dəymiş  avtomobillərin sayı açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, Vaqif Əsədov deyir ki, dünən və bugün 41 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 200 nəqliyyat vasitəsinə ziyan dəyib. Qəzalar ən çox Yasamal və Suraxanı rayonları ərazisində qeydə alınıb.

Avtomobil təmiri ilə məşğul olanlar deyirlər ki, ötən gündən müraciətlər çoxalıb. Adi günlərdə həftədə 3-4 avtomobil təmirə gətirilirdisə, dünəndən etibarən təxminən 6-7 sürücü ustaya müraciət edib. Müraciətlər daha çox avtomobilin alt işlək hissələrinin təmir edilməsi ilə bağlı olub. Bununla yanaşı rəngsaz və dəmirçilərin də işi artıb.

Usta Sahil Ağabəyli deyir ki, bəzən sürüşmə nəticəsində səkiyə dəyərək qəzaya uğramış avtomobilin xaricindəki əziklər kiçik görsənir. Amma bu belə deyil.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir. Bəzən qarlı havada yol nəqliyyat hadisəsi baş verərkən sürücülər yalnız öz avtomobillərini təmir etdirməklə bağlı razılığa gəlirlər. Sığorta eksperti Tural Şükürov bildirir ki, bu yanaşma düzgün deyil. Qəzaya səbəb olan sürücü bu işə görə mülki məsuliyyət daşıyır.

Bəs qarlı-şaxtalı hava şəraitində bir neçə avtomobilin iştrakı ilə qəza baş verdikdə sığorta ödənişi necə tənzimlənir? Sığorta eksperti Tural Şükürov qeyd edib ki, bu cür hallarda sığorta ödənişi də zəncirvari olaraq edilir. Məsələn qəza zamanı 10 avtomobil əzilibsə, bu o deməkdir ki, hər bir avtomobil sahibinin mülki məsuliyyətinin icbari sığortasını həyata keçirən şirkət hadisə yerinə gəlib, dəymiş zərəri hesablayıb zərərçəkmişlərə ödəniş etməlidir.

 

 

Xəbər lenti