Xəzər Xəbər

Paşinyan Azərbaycan ərazisinə "İsgəndər" raketi atdıqlarını etiraf etdi VİDEO

Nikol Paşinyan Serj Sarkisyanın ittihamlarına cavab verərkən yenə də siyasi səriştəsizliyini ortaya qoyub.
Veb TV | 21:13 • 24 Fevral 2021
Paşinyan Azərbaycan ərazisinə "İsgəndər" raketi atdıqlarını etiraf etdi

2-ci Qarabağ Müharibəsində məğlub olmuş Ermənistanın məğlub liderləri uğursuzluğun günahkarını axtarırlar. Ötən gün sabiq prezident Serj Sarkisyan Paşinyanı vətən xaini  satqin adlandırmışdı.  İndi növbə Paşinyanındır.  "Sarkisyan öncə bu suala cavab versin: niyə atılan "İsgəndər"lər partlamadı, yaxud da 10 faizi partladı?". Bu sitat Ermənistanın baş naziri Nikol Paşinyana aiddir.  Sarkisyan kimi Paşinyan da  ölkəsinin yerli saytlardan birinə verdiyi müsahibəsində  Ermənistan ərazisindən Azərbaycana "İsgəndər" raketlərinin atıldığını etiraf edib. Dolayı yolla Rusiyanın ən uğurlu hesab etdiyi raketin effektiv olmadığını deyən Nikol Paşinyan rəsmi Moskvaya da mesaj vermiş olub.

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyanın ittihamlarına cavab verərkən yenə də siyasi səriştəsizliyini ortaya qoyub.

Paşinyan "1in.am" saytına müsahibəsində 44 günlük müharibə zamanı Azərbaycana qarşı "İsgəndər" raketlərindən istifadə olunduğunu etiraf edib. Sarkisyanın "İsgəndər" raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: "Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o, bu suala cavab versin: Niyə atılan "İsgəndər"lər partlamadı, yaxud, məsələn, 10 faizi partladı".

Ermənistanın baş naziri elə bu cavabı ilə də siyasi savadsızlığını nümayiş etdirib. Müharibə dövründə hər çıxışında Azərbaycandakı qeyri-hərbi obyektlərə qarşı "İsgəndər", yaxud da digər uzaqmənzilli raketlərdən istifadə edilmədiyini deyən Nikol Paşinyan indi öz dili ilə hərbi cinayət törətdiyini boynuna alır. Hələ "Məxməri inqilab" dövründə Serj Sarkisyan və onun rəhbərlik etdiyi hökumətə yuxarıdan aşağı baxan Paşinyan baş nazir postuna gəldikdən sonra verdiyi açıqlamalar və etdiyi hərəkətlərlə heç də mahiyyət etibarilə əvvəlki cinayətkar rejimlərdən fərqlənmədiyini ortaya qoydu.

Ermənistanın baş nazirinin həqiqəti dilə gətirməsi həm də Ermənistanın Azərbaycana təcavüzünü açıq-aşkar sübut edir. Çünki Azərbaycan ərazisinə atılan "İsgəndər" raket kompleksləri Qarabağda yox, məhz Ermənistan ərazisində yerləşir. Burada bir şeyi xatırlamaq yerinə düşər. Ötən ilin noyabrında Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi, general Movses Akopyan məhz "İsgəndər" raketlərindən istifadə edildiyi ilə bağlı açıqlamasından sonra ona qarşı cinayət işi açılmışdı. Səbəb olaraq isə generalın dövlət sirrini açıqladığı göstərilmişdi. İndi isə Ermənistanın baş naziri özü bu sirri yayır.

Nikol Paşinyanın bu açıqlaması Sarkisyana cavab kimi görünsə də, əslində Rusiyaya da mesaj sayılır. Ermənistan baş naziri "İsgəndər" raketləri ilə bağlı açıqlamasının ikinci hissəsində Rusiyanı konkret hədəf seçir və onun böyük uğur kimi təqdim etdiyi "İsgəndər" raketinin effektivliyini şübhə altına alır. Ya da rəsmi Moskvanı Ermənistana köhnə silah satmaqda ittiham edir.

Xəbər lenti