Xəzər Xəbər

Qar yağdı, avtobuslarda sıxlıq ikiqat artdı VİDEO

Veb TV | 21:04 • 24 Fevral 2021
Qar yağdı, avtobuslarda sıxlıq ikiqat artdı

Metro işləmir. Qarlı havaya görə bir çox insan şəxsi avtomobili ilə hərəkət etməkdən çəkinib. Bu da sərnişin sıxlığına təsir edib.   Ümid qalıb avtobuslara. Yolların donması  intervallarda gecikmə ilə nəticələnib. Elə dayanacaqlar olub ki, 100-ə yaxın sərnişin eyni anda avtobus gözləyiblər.

Bakıya yağan güclü qar sərnişinlər üçün də çətinliklər yaratdı. Dayanacaqlar insanlarla dolub-daşdı. Soyuq havada vacib işləri üçün evlərindən çıxan insanlar xeyli müddət yolda qaldı.

Metro işləmədiyindən tək ümidləri avtobus olan bu insanlar soyuq havada əziyyətlə üzləşiblər. Avtobuslar əksər hallarda dayanacaqlara içi sərnişinlə dolu girib. Bunun da əsas səbəbi odur ki, bir çox insanlar şəxsi maşınından daha çox avtobuslara minməyi üstün tutublar. Sərnişinlər hətta iddia edir ki, bu gün bəzi marşurut xətləri ümumiyyətlə fəaliyyət göstərməyib.

Sürücülər bildirirlər ki, yollar yaxşı təmizlənməyib. Gecikmələr də məhz bu səbəbdən baş verib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də açıqlama yayıb. Bildirilib ki, hava şəraiti ilə bağlı avtobusların intervalında gecikmələr yaranıb. Bəzi istiqamətlər üzrə bir sıra avtobuslar tam hərəkət edə bilməyib. Xüsusilə günün birinci yarısında yollar buz bağladığından avtobusların intervalında uzanmalar müşahidə edilib. O da bildirilib ki, bu gün adi günlərdə olduğu kimi avtobuslar xəttə çıxarılıb. Gecikmələrin səbəbi hava şəraiti ilə bağlı yolların buz bağlaması olub. O ki qaldı bəzi avtobus xətlərinin ümumiyyətlə bu gün işləməməsinə, agentlikdən bildirildi ki bu məsələ araşdırılır. Belə hallara yol verən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.

 

Xəbər lenti