Xəzər Xəbər

20 min nəfər bazar günü imtahana necə gedəcək? - Avtobuslar işləmir, metro bağlıdır VİDEO

Magistr imtahanı 28 fevralda, yəni bu həftənin bazar günü keçiriləcək.
Veb TV | 22:00 • 23 Fevral 2021
20 min nəfər bazar günü imtahana necə gedəcək? - Avtobuslar işləmir, metro bağlıdır

Magistr imtahanı 28 fevralda, yəni bu həftənin bazar günü keçiriləcək. Qəribəsi odur ki, Dövlət İmtahan Mərkəzi həmin gün ictimai nəqliyyatın işləmədiyini və tələbələrin imtahan keçirəcəyi binalara gedən zaman çəkəcəkləri əziyyəti nəzərə almayıb. Söhbət 20 min tələbədən gedir. Magistr pilləsində təhsil almaq istəyən tələbələr bildirirlər ki, avtobusların həmin gün işləməməsi onları əlavə xərcə salacaq. Onsuz da imtahanda iştirak üçün 50 manat pul ödəyən tələbə məcburdur ki, taksi pulu da ödəsin.

Dövlət İmtahan Mərkəzinin magistr imtahanını 28 fevral tarixində keçirməsi bakalavrların narazılığına səbəb olub. Çünkü həmin gün həftənin bazar gününə təsadüf etdiyi üçün ölkədə ictimai nəqliyyat işləməyəcək. Bu isə imtahanda iştirak etmək istəyən 20 minə yaxın bakalavırı əməlli-başlı əziyyətə salacaq. İmtahanda iştirak üçün 50 manat dövlət rüsumu ödəyən tələbələr, həm də taksi pulu ödəməli olacaqlar. 

Tələbələr imtahan verəcəkləri məktəblərin uzaq ünvanda yerləşməsindən də şikayətlənirlər. Məsələn Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan tələbə-Nərmin Məcidova imtahan vermək üçün Binəqədidə yerləşən məktəbə getməlidir.

Tələbələr ya imtahanın vaxtının dəyişdirilməsini, ya da həftəsonu ictimai nəqliyyatın 1 günlük fəaliyyət göstərməsinə icazə verilməsini istəyirlər.

Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə Xəzər Xəbər-ə açıqlamasında deyib ki, tələbələrin narazılıqları və müraciətləri araşdırılacaq və sabah imtahan tarixi ilə bağlı açıqlama veriləcək.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirdi ki, əgər həmin gün üçün avtobusların işləməsi barədə qərar verilsə, agentlik bunu təmin edə bilər.

Təhsil eksperti Kamran Əsədov təklif edir ki, həmin gün ictimai nəqliyyat yalnız tələbələrin istifadəsi üçün fəaliyyət göstərsin. Tələbələr buraxılış vərəqələri ilə avtobusa minsinlər..

Ekspert deyir ki, qardaş Türkiyədə ən sərt karantin günlərində keçirilən imtahanda bu təcrübə uğurla tətbiq edilib.

 

 

Xəbər lenti