Xəzər Xəbər

Azərbaycan silahları BƏƏ-də nümayiş olunur VİDEO

Azərbaycan “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində təmsil olunur
Veb TV | 21:55 • 22 Fevral 2021
Azərbaycan silahları BƏƏ-də nümayiş olunur

Birləşmiş Ərəb Əmirliklərində keçirilən "IDEX 2021"  sərgisi dünyanın diqqət mərkəzindədir. 900-dən çox şirkətin iştirak etdiyi sərgidə ən müasir silahlar nümayiş olunur. Vətən müharibəsində döyüşlərdə sınaqdan keçirilən silahların bir hissəsi Azərbaycan stendini bəzəyir. Ermənistan isə bu sərgidə sadəcə broşur paylamaqla təmsil olunur. 

"Bizim stendə və Azərbaycanın stendinə baxıram. Baxdıqca da utanıram". Ermənistanın hərbi ekspertləri kimi minlərlə sadə vətəndaşı dünəndən etibarən bu fikirlərlə hökumətlərini ittiham edirlər.

"İDEX 2021" sərgisindəki stendi ilə Ermənistan yenidən özünü biabır etdi. Stendlərə baxdıqda hər şey açıq-aydın görünür. Yerli istehsal müasir atıcı silahlar, itiqovan pilotsuz uçuş aparatı və digər texnikalar Azərbaycan yazılan stenddədir. Ermənistan yazılan stend isə bomboşdur.

Ekspertlər bunun təəccüblü olmadığını deyirlər. İllərdir öz müdafiə sənayesini inkişaf etdirən Azərbaycan bu sərgidə həm də qalib bir ölkə kimi təmsil olunur. İndiyə qədər yalnız sovetdən qalma müdafiə sənayesinin tör-töküntüsünün ümidinə qalan ölkədən isə bundan artığını gözləmək sadəlövhlükdür.

Sərgidə nümayiş olunan silahların Vətən müharibəsində effektivliyini isə dünyanın aparıcı hərbi ekspertləri təsdiqliyirlər. Məhz bu səbəbdən də budəfəki sərgidə nümayiş olunan hər bir silah önəmlidir. Sərgi müddətində Azərbaycan istehsalı silahlara marağın böyük olması onların satışına da təsirsiz ötüşməyəcək.

Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın şirkətin qatıldığı "IDEX-2021" Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan, Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, "İtiqovan" kamikadze tipli pilotsuz uçuş aparatları da daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.

Xəbər lenti