Xəzər Xəbər

11 rayon və şəhərdə düşmənin dağıtdığı evlər bərpa edilir VİDEO

Veb TV | 20:56 • 27 Yanvar 2021
11 rayon və şəhərdə düşmənin dağıtdığı evlər bərpa edilir

Vətən müharibəsi dövründə ermənilərin təxribatçı hücumları nəticəsində müxtəlif şəhər və rayonlarımızda zərər görmüş fərdi evlərin və digər infrastrukturun bərpasına başlanıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib. Təmir-bərpası mümkün olmayan fərdi yaşayış evlərinin əvəzində 2-3-4-5 otaqlı eyni tipli fərdi yaşayış evlərinin tikilməsi planlaşdırılır. İşlərin qısa müddətdə təhvil verilməsi nəzərdə tutulub.



44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutuldu. Nəticədə günahsız şəxslər vəhşicəsinə qətlə yetirildi, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vuruldu.


Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ziyan dəymiş hər bir şəhər və rayonda təmir-tikinti işlərinə start verilib.


Görüntülər Gəncədəndir. Evləri dağıdılmış mülki vətəndaşlar təmir-bərpa işlərinin başlanmasına görə məmnunluqlarını ifadə ediblər.


Tərtər rayonu vətən müharibəsində düşmənin təxribatçı hücumlarına ən çox məruz qalmış bölgələrdən biri idi. Rayon ərazisində ziyan dəymiş obyektlərə, evlərə baxış keçirilib. Müvafiq qiymətləndirmələr aparılıb, tikinti işlərinə başlanıb.


Bərdədə də dağıdılmış evlərin siyahısı hazırlanıb. Siyahıya uyğun olaraq yaşayış məntəqələrində bərpa işlərinə start verilib.



Ağdamın da yaşayış məntəqələrində zərər dəymiş evlər bərpa edilir. Dağıdılmış evlərin yenindən inşası üçün tikinti materiallar gətirilib və bərpa işləri plana uyğun olaraq aparılır.


Ölkəmizin ən böyük sənaye şəhərlərindən biri olan Mingəçevir döyüş əməliyyatlarının aparıldığı zonadan xeyli uzaqda yerləşirdi. Amma mənfur düşmən buranı raket atəşinə tutmaqla insanları qorxutmağa, vacib obyektləri məhv etməyə çalışırdı. Bu şəhərdə də zərər görmüş evərin bərpasına başlanıb. Sakinlər yeni, müasir yaşayış evlərinin tikintisini sevinclə qarşılayırlar.


Goranboyun Tap Qaraqoyunlu kəndi də ən çox atəşə məruz qalan yaşayış məntəqlərindən olub. Ermənilərin hədəf seçdiyi kənddə təmir-bərpa işlərinə start verilib.


Təmir-tikinti işləri Naftalan şəhərində, habelə Füzuli, Cəbrayıl, Ağcabədi, Beyləqan rayonlarında da davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura komitəsindən verilən məlumata görə qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.Dağıdılmış obyektlərin böyük hissəsini fərdi yaşayış evləri təşkil edir. Bununla yanaşı, ziyan dəymiş tikililər sırasında çoxmənzilli binalar, sosial və sahibkarlıq obyektləri də var.


Xəbər lenti