Xəzər Xəbər

Tarixi əhəmiyyətə malik Mincivan dəmir yolu stansiyası - 28 ildən sonra sərnişinlərini qatarsız qarşıladı VİDEO

Veb TV | 20:17 • 27 Yanvar 2021
Tarixi əhəmiyyətə malik Mincivan dəmir yolu stansiyası - 28 ildən sonra sərnişinlərini qatarsız qarşıladı

İndi sizə Azərbaycanın çox əhəmiyyətli bir dəmiryolu stansiyasından danışacayıq. O dəmir yolu stansiyası ki, düşmən 1993-cü ildə Zəngilan rayonunu işğal edərkən, dəmiryolu qovşağı və strateji baxımdan əhəmiyyətli olan Mincivan stansiyasını da darmadağın edib. Hətta geri çəkilərkən stansiyanın relslərini belə çıxararaq aparıblar. Əməkdaşımız Ramal Abdullayev sözügedən stansiyada olub. Stansiyanın o dönəm üçün nə dərəcədə əhəmiyyətli olmasını araşdırıb. Özü də həmin stansiyaya vaxtı ilə qatar bələdçisi kimi gedən dəmiryolçu ilə birlikdə.


Mincivan qəsəbəsinə getmək üçün Zəngilan rayonunun bir neçə kəndindən keçdik. Qarşılaşdığımız bütün kəndlərdə erməni vandaliziminin izlərinə rast gəldik. Dağıdıllmış evlər, darmadağın edilmiş qəbiristanlıqlar və yararsız hala salınmış yollar düşmənin çirkin xislətini bir daha sübut edir.


Mincivan qəsəbəsi salınan zaman orada cəmi 30-40 ev olub. Qəsəbədən böyük əhəmiyyət kəsb edən magistral yol və dəmiryol xəttinin keçməsi ilə əlaqədar buraya işçi qüvvəsi axın edir. Bununla da Mincivan zamanla daha da inkişaf etməyə başlayıb. Bura 1958-ci ildə qəsəbə statusu verilib. 5 min nəfərə yaxın əhalisi olan qəsəbədə SSRİ vaxtı ciddi sərhəd rejmi tətbiq edilib. Mincivan Dəmiryol stansiyasının işə düşməsi ilə qəsəbənin əhəmiyyəti daha da artıb.


Mincivan stansiyası 1936-cı ildə tikilib, stansiya 14 yoldan ibarət olub. Stansiyada 1 inzibati bina, 3 yoldayişən post mövcud idi.


Stansiyanın darmadağın edilməsini ürək ağrısı ilə qarşılayan Vəfa Fərəc uşaq vaxtı qatar gəlməzdən əvvəl üzərində oynadığı relsləri görə bilməyib. Çünki, düşmən geri çəkilən zaman stansiyanı dağıtmaqla bəabər relsləri də söküb aparıb.


Mincivan stansiyasından 49 vaqondan ibarət heyətlə keçən 30-02 nömrəli sonuncu yük qatarı 9 saat 30 dəqiqədən sonra Mehri stansiyasında saxlanıb. Bununla da həmin qatarla əlaqə tamamilə kəsilib. 1993-cü ilin oktyabrın 29-da erməni hərbi birləşmələri Zəngilan rayonunu işğal edib. Şanlı Azərbaycan ordusu ötən il sentyabrın 27-də düşmənə qarşı əks-hücuma keçərək bir-bir işğaldakı torpaqlarımızı azad etməyə başlayıb. Oktyabrın 21-də Zəngilan rayonu və onun Mincivan qəsəbəsi işğaldan azad edilib.


Ötən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində göstərilir ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası dəmiryolu xətti ilə birləşəcək. Bu da bölgəyə yeni imkanlar gətirəcək. 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə prezident İlham Əliyev bilidirib ki, Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir və bu dəmiryolu şəbəkəsindən ölkəmizlə bərabər Türkiyə, Rusiya, Ermənistan və İran da istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün də xüsusi əhəmiyyətə malikdir. Yəni bu o deməkdir ki, Mincivan dəmiryolu stansiyası gələcəkdə də önəmli dəmiryolu qovşağı olacaq.


Xəbər lenti

Çox oxunanlar