Xəzər Xəbər

Xəzərdə tarixi anlaşma: “Dostluq” nə verəcək? VİDEO

Veb TV | 20:06 • 22 Yanvar 2021
Xəzərdə tarixi anlaşma: “Dostluq” nə verəcək?

Azərbaycan və Türkmənistan uzun illər müzakirə olunan "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı sənəd imzalamaqla regionda yeni iqtisadi əməkdaşlıq formatının əsasını qoydular. Bu yataqla bağlı neft proqnozu yüksəkdir. Yatağın birgə işlənməsi Azərbaycana böyük həcmdə vəsait qazandırmaqla yanaşı, ölkənin neft-qaz infrastrukturunun ötürücülük qabiliyyətini də artıracaq...


Ötən gün Azərbaycan və Türkmənistan dövlət başçıları Xəzər dənizindəki "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı memorandumun imzalanması mərasimində iştirak etdilər. Bu isə o deməkdir ki, Azərbaycanın neft-qaz infrastrukturu və bu sahədə qazanılan təcrübə növbəti əməkdaşlıq səhifəsinə qədəm qoyur. Energetika məsələləri üzrə ekspert Emin Axundzadə bildirir ki, "Dostluq" yatağı hər iki ölkənin neft-qaz sahəsində resurslarının daha da artmasına səbəb olacaq. İlkin dəyərləndirmə zamanı ehtiyyatlar az həcmdə olsa da kəşfiyyat əməliyyatları zamanı bu rəqəmlər arta bilər.


Emin Axundzadə bildirir ki, Azərbaycanın illər öncə sərhədləri aşan Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri yeni yatağın ehtiyyatlarının dünya bazarına çıxarılmasına da öz töhfəsini verə bilər.


Ekspertin sözlərinə görə "Dostluq" yatağındakı qaz ehtiyyatlarının birgə istismarı Azərbaycanın qaza olan ehtiyacını ödəməklə yanaşı, eləcə də ölkənin ixrac potensialını da artırmağa imkan verəcək.


Bundan başqa Türkmənistan həm də öz qazını Azərbaycanın Cənub Qaz Dəhlizi meqa infrastrukturundan istifadə etməklə dünya bazarlarına çıxara bilər. Bu isə o deməkdir ki, Azərbaycan həm yatağın resurslarından faydalanacaq, həm də Türkmənistan üçün tranzit ölkə rolunu oynamaqla əlavə gəlirlər qazanacaq. Bu isə Cənub Qaz Dəhlizinin ötürmə gücünün daha da genişlənməsinə səbəb olacaq. Eyni zamanda yeni yatağın birgə işlənməsi hər iki ölkədə yeni iş yerlərinin açılması, eləcə də ölkələrə xarici investisiya axınının sürətlənməsi ilə nəticələnəcək.


Xəbər lenti